"Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu" mövzusunda "dəyirmi masa" təşkil olunub (FOTO)


Digərləri 02 Fev 2019 10:02:21 235 0

"Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu" mövzusunda "dəyirmi masa" təşkil olunub (FOTO)

"Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu" mövzusunda "dəyirmi masa" təşkil olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2 fevral - Gənclər Gününə həsr olunmuş “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda “dəyirmi masa” təşkil olunub. İnstitutdan Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov “dəyirmi masa” iştirakçılarını salamlayaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafı və milli-mənəvi dəyərlərin zənginləşdirilməsi üzrə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Rektor vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü Azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətimizin bütün sahələrində istiqamətləndirici məfkurəmiz olmalıdır. C.Məmmədov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti hazırda ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Aİİ rektoru ali tədris müəssisəsinin gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Mövzunun əhəmiyyətini qeyd edən C.Məmmədov milli-mənəvi dəyərlərin hər bir gəncin həyatında mühüm yer tutduğunu bildirərək, bu xüsusiyyətlərə sadiq olmanın vacibliyini söyləyib. İnstitut rəhbəri gənclərin milli ruhda tərbiyəsində və müstəqil dövlətçilik ənənələrinin inkişafındakı rolundan bəhs edib. Tariximizin öyrənilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılmasında gənclərimizin fəallığının daha da artırılması, onların müasir informasiya-kommunikasiya texnologiyalarından, sosial şəbəkələrdən səmərəli istifadəyə təşviq edilməsinin zəruriliyi bildirilib. Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov “İslamda gənclik” mövzusunda çıxış edib. Ə.Niyazov İslam dininin, xüsusilə də Həzrəti Peyğəmbərin gəncliyə verdiyi əhəmiyyətli bilgilərdən bəhs edib. AMEA Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Amal Həsənli “Azərbaycan gənclərinin milli dövlətçiliyimizin qorunmasında rolu” mövzusu ilə çıxış edərək bildirib ki, milli dövlətçilik dəyərlərinin zənginləşdirilməsi və inkişafı üçün sağlam cəmiyyətə ehtiyac var.