Süd vəzinin qeyrişiş mənşəli xəstəlikləri: Süd vəzi vərəmi


Digərləri 01 Fev 2019 23:30:00 268 0

Süd vəzinin qeyrişiş mənşəli xəstəlikləri: Süd vəzi vərəmi

Hazırda dünyada süd vəzinin xərçəngindən əlavə qeyri-şiş mənşəli xəstəlikləri də aktualdır. Ətraf mühit, sosial, fizioloji və s. amillər nəticəsində süd vəzi xəstəlikləri gündən-günə artır. Bu xəstəliklərin bəziləri preonkogen xarakterlidir, yəni onkoloji xəstəliklərdən əvvəl yaranır. Onlar vaxtında müayinə və müalicə olunmasa, gələcəkdə süd vəzinin onkoloji xəstəliklərinə çevrilə bilər. Bəzi xəstəliklər də var ki, onların süd vəzinin onkoloji xəstəliklərinə çevrilməsi haqqında məlumat olmasa da, həkim baxışı və müalicə tələb edir. Qeyri-şiş mənşəli xəstəliklərə süd vəzi vərəmi, mastiti, absesi, fibroadenomanı, kistoz dəyişiklikləri, mastopatiyanın hər bir növünü, süd vəzinin axarlarının patologiyalarını misal göstərmək olar.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin şüa diaqnostikası və terapiyası kafedrasının müəllimi, universitetin Tədris Terapevtik Klinikasının həkimi, mamoloq-radioloq Günel Qəmbərova məlumat verib.

Mütəxəssis qeyri-şiş mənşəli xəstəliklər arasında daha çox rast gəlinən süd vəzi vərəmi haqqında məlumat verərək deyib: "Süd vəzi vərəmi birincili və ikincili olmaqla iki qrupa bölünür. Birincili vərəmdə xəstəlik süd vəzinin özündə yaranır. Yəni, birinci ocaq süd vəzinin özüdür. Xəstəlik vərəm basilləri tərəfindən törədilir. Xəstəliyə üç-altı faiz hallarda rast gəlinməsinə baxmayaraq, bu səbəbdən həkimə müraciət edənlərin sayı yetəri qədərdir. Əgər ağciyərdə vərəm olarsa və orqanizmdə müalicəyə qarşı rezistentlik yaranarsa, o zaman xəstəlik süd vəzinə keçmiş olur. Bu, süd vəzinin ikincili vərəmi adlanır. Təəssüf ki, pasiyentlər bəzən öz xəstəliklərini gizlədirlər və bu da diaqnoz qoyarkən çətinliyə səbəb olur. Belə ki, süd vəzi şikayətləri ilə həkimə müraciət edən pasiyent keçmişdə və ya hazırda ağciyər vərəmindən əziyyət çəkdiyini gizlətməməlidir.