Deputat: "Milli Məclis Avropa Parlamentinə etiraz məktubu ünvanlamalıdır"


Siyasət 01 Fev 2019 17:27:00 272 0

Deputat: "Milli Məclis Avropa Parlamentinə etiraz məktubu ünvanlamalıdır"

"Milli Məclis Mehman Hüseynovun məsələsini bayraq edib Azərbaycana qarşı kəskin iddialarla qətnamə qəbul edən Avropa Parlamentinə etiraz məktubu ünvanlamalıdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, Avropa Parlamenti Azərbaycana qarşı yenə qərəzli mövqe ortaya qoydu, heç bir əsas olmadan ölkəmiz ittiham edildi: "Bu, ikili standartın bariz nümunəsidir. Təəssüflə qeyd etmək lazımdır ki, Avropa Parlamenti, beynəlxalq təşkilatlar Ermənistanda baş verənlərə münasibət bildirmir. Ermənistan həbsxanasında aclıqdan ölən siyasi fəal barədə müzakirə aparılmadı. Avropadakı təşkilatlar Ermənistanı müdafiə etməklə onların Azərbaycana qarşı işğalçılıq siyasətini stimullaşdırırlar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili yanaşma mövcuddur. Bu, onların bir daha xristian təəssübkeşliyinin nümayişidir".

Deputatın sözlərinə görə, etiraz məktubunda tələb edilməlidir ki, ikili standartlara son qoyulsun:

"Azərbaycan gücləndikcə, nüfuzu artdıqca, islahatlar dərinləşdikcə antimilli qüvvələr hücuma keçirlər".