Mətbuat Şurasının sədri: "Tələblərə cavab verən qəzetlərə əvvəlki qaydada maliyyə yardımı ayrılacaq"


Digərləri 01 Fev 2019 17:07:00 227 0

Mətbuat Şurasının sədri: "Tələblərə cavab verən qəzetlərə əvvəlki qaydada maliyyə yardımı ayrılacaq"

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 31-də keçirilmiş iclasında Fondun 2019-cu ilin II rübü üçün KİV-lərə maliyyə yardımı müsabiqəsinin elanında qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə dəyişikliklər edilməsi məsələsinə münasibət bildirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ə.Amaşovun sözlərinə görə, ictimai fikir internet üzərindən yayımlanan kütləvi informasiya vasitələri tərəfindən formalaşır: "Amerikada, Avropada, Asiyada da belədir, o cümlədən Azərbaycanda da. Düzdür, qəzetin özünün xüsusiyyətləri var, qəzet salnamədir, hadisələrlə bağlı geniş materiallar verir, maarifçiliklə əlaqədar kifayət qədər işlər görür. Qəzet salnamə olaraq arxivlərdə qalır, tarixdir, 100 il də qalır, 200 il də. Əminəm ki, qəzetlər həmişə də qalacaq. Ancaq ictimai fikir indi qəzetlər tərəfindən deyil, hətta radio və televiziya tərəfindən deyil, məhz onlayn media üzərindən formalaşır. İndi insanlar daha çox onlayn mediaya üstünlük verirlər, çünki əllərindəki mobil telefon vasitəsilə bir an içərisində dünyada baş verən hadisələrlə tanış olurlar. Artıq reklamçılar da öz reklamlarını onlayn mediada verməkdə maraqlı olurlar. Belə olan halda qəzetlər müəyyən problemlərlə qarşılaşır, qəzetlərin tirajı azalır, gündəlik çıxan qəzet həftəlik çıxmağa başlayır. Əsas mövqedə isə onlayn media dayanır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da belədir. Artıq insanlarımız da onlayn mediaya üstünlük verirlər. Azərbaycan əhalisinin təqribən 80 faizi internetdən istifadə edir, təxminən 3 milyon insan sosial şəbəkələrdən istifadə edir".