"Azərbaycan xalqı ilə eyni mədəniyyəti bölüşməkdən, ana dilimizdə danışmaqdan qürur duyuruq"


Siyasət 01 Fev 2019 16:47:00 234 0

"Azərbaycan xalqı ilə eyni mədəniyyəti bölüşməkdən, ana dilimizdə danışmaqdan qürur duyuruq"

Son.az Makedoniyanın türk əsilli dövlət xadimi, Makedoniyanın hal-hazırki Xarici Sərmayə ilə İş üzrə naziri Elvin Həsənlinin müsahibəsini təqdim edir.

- Rəhbəri olduğunuz nazirliyin fəaliyyət istiqaməti nədən ibarədir?

- Rəhbəri olduğum nazirlik həm yatırımlarla, həm də Makedoniya türklərinin problemlərinin həlli ilə bağlı məşğuldur. Nazirliyimiz istər təhsil, istər mədəni, istərsə də sosial sahədə olsun soydaşlarımızın qarşılaşdıqları problemlərini həll etmək istiqamətində çalışacaq.

- Eyni zamanda, xarici yatırımlarla bağlı fəaliyyəti necə quracaqsız?

- Mən nazir olmamışdan öncə Qeyri-Hökümət Təşkilatında fəaliyyət göstərmişəm. Siyasətdə olduğum müddətdə də Türk dünyasından və Türkiyədən bir çox dostlar qazandım. Ayrıca əməkdaşlıq içərisində olduğumuz bir çox qurum mövcuddur və qurumlarla əməkdaşlıq çərçivəsində xarici yatırımlara asan çatacağımıza düşünürəm.

Türkiyə, KKTC, Azərbaycan, Qazaxıstan Balkan çoğrafiyası ölkələrində yaşayan Türk cəmiyyətlərlə yaxın əməkdaşlığımız və ortaq mədəni əlaqələrimiz var. Bunlar inkişaf etdirilərək qarşıdakı dönəmdə fərqli layihələr və fəaliyyətlər həyata keçirə biləcəyik. 

- Azərbaycanla əlaqələri hansı səviyyədə quracaqsınız?

- Son dönəmlər Azərbayan vətəndaşlarını ölkəmizdə daha sıx görürük. Azərbaycan xalqı ilə bir araya gəlməkdən, söhbət etməkdən və eyni mədəniyyəti bölüşməkdən, ana dilimizdə danışmaqdan, fikir alış-verişində olmağımızdan xoşbəxtlik və qürur duyuruq. Ortaq mədəni layihələr və fəaliyyətlər həyata keçirmək, elm adamlarını bir araya gətirmək istəyirik. Mədəniyyət əməkdaşlığını həyatın bütün sahələrinin önünü daha da açacağını düşünürəm. Həm də Makedoniya Respublikası xarici yatırımlara açıqdır. Bizim hökümət bu xətti dəstəkləyir. Qarşılıqlı olaraq baş tutan səfərlər iqtisadi sahədə olduğu kimi, Makedoniya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına təkan verə bilər.

- Makedoniyanın əsas problemləri nədən ibarətdir?

- Makedoniyanın şübhəsiz ən böyük problemlərindən biri köç problemidir. Bu istiqamətdə bizə ciddi vəzifələr düşür. Ölkəmizə yatırımları gücləndirmək və iş adamlarını ölkəmizə dəvət etmək istəyirik. Bu məsələdə dünyanın harasında olursa-olsun xüsusilə, Türk iş adamlarını görməkdən məmnun olacağıq.  Bu həm soydaşlarımız üçün, həm də Makedoniyadakı vətəndaşlarımız üçün yeni iş yerlərinin açılmasına səbəb olacaq. Türk nazir olduğumuza rəğmən önümüzdəki dönəmdə sadəcə Türk toplumuyla deyil, Makedoniyadakı bütün cəmiyyətlərlə əməkdaşlıq içində olacağıq. Ən əsası birləşdirici amil olmaq istəyirik. Bu gün ölkəmizə birlik və bərabərlik lazımdır.

- Makedoniyanın xarici siyasəti Avropa Birliyi və NATO xəttidir?

- Makedoniyanın Avropa Birliyinə və NATO-ya inteqrasiyasından danışırıqsa, keçdiyimiz illərdə ölkəmiz qonşu Yunanıstanın qoyduğu vetoyla üz-üzə idi. Bu istiqamətdə irəliyiş yox idi. Hökümətimizin düzgün siyasəti və apardığı mübarizə yeni qonşularla əlaqələrin yaxşılaşmasına səbəb oldu. Bolqarıstanla əlaqələrin gücləndirilməsi ilə bağlı razılığın əldə olunması, Yunanıstanla Prespa müvaqiləsinin imzalanması və Makedoniya Məclisində müqavilənin qəbulu ölkəmizin önünü açacağını düşünürük. Makedoniya Avropa Birliyi ilə müzakirələr aparır. Təxminən 2025-ci ilə qədər Avropa Birliyinə üzv olacağı təxmin edilməkdədir. Biz təbii ki, hökümət olaraq bu prosesin daha sürətlə tamamlanması üçün əlimizdən gələni edəcəyik. Ölkəmizin təhlükəsizliyi baxımından Makedoniyanın NATO inteqrasiyası olduqca önəmlidir. Türklər olaraq da NATO-ya inteqrasiya olmaq və Türk Silahlı Qüvvələri eyni sırada durmaq ayrıca bir qürurdur.

- Yatırımlarla bağlı hansı şəraitlər yaradılıb?

- Ölkəmizdə yatırımlarla bağlı hər cür imkan və şəriat yaradılıb. Qarşıda yatırımlarla bağlı güzəştlər və şərait daha da yaxşılacaq. Vergi güzəşti, əlavə subsidiyalar bura daxildir və ən əsası hökümət tərəfindən dəstəklənir. Yatırımçılar tərəfindən icarə götürüləcək ərazilərin qiyməti çox aşağıdır.

- Azərbaycan xalqına sözünüz varmı?

- Qardaş Azərbaycan xalqına salamlarımı çatdırıram.

Elnur Eltürk Son.az


Xəbərə aid fotolar