Səfir: Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə həll olunmasına ehtiyac var (FOTO)


Digərləri 01 Fev 2019 09:06:00 185 0

Səfir: Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə həll olunmasına ehtiyac var (FOTO)

ABŞ-Azərbaycan tərəfdaşlığına dair ənənəvi müzakirələr keçirilib

Bakı. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu ölkənin Milli Müdafiə Universitetinin (National Defense University) dəvəti əsasında universitetin müəllim və tələbə heyəti qarşısında “Azərbaycan: Strateji bölgədə etibarlı tərəfdaş” mövzusunda çıxış edib. Trend-in məlumatına görə, səfir Elin Süleymanov çıxışı zamanı ilk öncə dinləyicilərə ölkəmizin və regionumuzun coğrafiyasından söhbət açaraq, Azərbaycanın böyük geosiyasi əhəmiyyətə malik ölkə və dünya əhəmiyyətli strateji mərkəz olduğuna diqqət yönəldib. Səfir iştirakçılara müsəlman Şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda yarandığı barədə məlumat verərək, respublikanın qısa müddətdə mövcud olmasına rəğmən bir sıra qərb dövlətlərindən əvvəl həyata keçirdiyi mütərəqqi islahatlarından və dövlət quruculuğu sahəsində gördüyü mühüm tədbirlərdən, habelə seçki sahəsində milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq təmin etdiyi hüquqlardan danışıb. Dövlət müstəqilliyimizin bərpasından sonra ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəinki ölkəmizin, bütövlükdə regionun iqtisadiyyatının inkişafına və müstəqilliyimizin qorunmasına xidmət etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün Azərbaycan Respublikası nəinki öz müstəqilliyini qoruyub saxlayır, hətta qlobal səviyyədə cərəyan edən hazırkı mürəkkəb geosiyasi mühitdə regionun ən müstəqil siyasət yürüdən dövləti kimi tanınmaqdadır. Həmçinin, Azərbaycandakı xalqlar və dinlər arasında anlaşma mühitinin, Azərbaycan ərazisində uzun əsrlər boyu müsəlman və yəhudi icmalarının sülh şəraitində yaşamasına diqqət yönəldib. Azərbaycanda tarixən müxtəlif dini və etnik qrupların dinc şəkildə birgə yaşadığının bu gün də dünyada təqdir edildiyi vurğulanıb. Daha sonra Azərbaycanın uğurlu enerji strategiyası, neft və qaz ehtiyatları, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat verilib, bu layihələrin hətta qlobal miqyasda enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb etdiyi bildirilib. Səfir, həmçinin vurğulayıb ki, Bakı nefti tarix boyu dünya miqyasında sülhə töhfə verməsi ilə də seçilib. Buna misal olaraq, Nobel qardaşlarının ötən əsrin əvvəllərində Azərbaycan neft sənayesində fəaliyyətinin Nobel mükafatının təsis edilməsinə verdiyi töhfə və İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbədə Bakı neftinin rolu qeyd olunub. Səfir, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsinin, eləcə də 2017-ci ildə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin müddətinin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətindən danışıb. Bununla yanaşı, Cənub Qaz Dəhlizinin yekunlaşması istiqamətində həyata keçirilən səylərdən bəhs olunub. Bildirilib ki, sözügedən enerji layihələrinin icrası ilə qurulan uzunmüddətli və möhkəm əsaslara malik tərəfdaşlıq əlaqələri hazırda Azərbaycanın etibarlı və ciddi tərəfdaş kimi tanınmasına imkan yaradıb, sözügedən işlər nəticəsində Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayıb. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat infrastruktur layihələri barədə danışan səfir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Tiflis-Qars dəmir yolunun, habelə Əfqanıstan və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Lapis-Lazuli tranzit və nəqliyyat yolunun işə düşməsinin, eləcə də qurulmaqda olan Ələt Azad İqtisadi Zonası üzrə aparılan işlərin regionun inkişafına, habelə Asiya ilə Avropanın nəqliyyat sistemlərinin inteqrasiyasına əsaslı töhfə baxımından əhəmiyyətinə toxunub.