5G texnologiyasına şəriksiz sahib olmaq uğrunda ABŞ və Çin arasında rəqabət güclənir


Digərləri 01 Fev 2019 06:30:00 426 0

5G texnologiyasına şəriksiz sahib olmaq uğrunda ABŞ və Çin arasında rəqabət güclənir

Yeni 5G texnologiyası ABŞ və Çin arasında rəqabətin mərkəzində yer alıb. Vaşinqton Çin firmalarına sanksiyalar tətbiq edir, ABŞ şirkətlərinin kommunikasiya şəbəkəsində onların istehsalı olan cihazlardan istifadə edilməsini qadağan etməyə hazırlaşır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələyə mühüm milli təhlükəsizlik problemi kimi baxan Vaşinqton öz müttəfiqlərindən də adekvat addımların atılmasını gözləyir. Artıq Yaponiya, Avstraliya və Yeni Zelandiya Çinin ən böyük telekommunikasiya cihazları istehsalçısı olan "Huawei" şirkətinin 5G şəbəkəsi üzrə tenderlərdə iştirak etməsini qadağan ediblər. 3G və 4G texnologiyaları üzrə Çin şirkəti ilə əməkdaşlıq edən Böyük Britaniya da 5G məsələsində bu firma ilə əməkdaşlığı istəmədiyini bəyan edib. Digər tərəfdən, "Huawei" şirkətinin maliyyə məsələləri üzrə direktoru Mınq Vancounun İrana qarşı sanksiyaları pozması iddiası ilə Kanadada həbs olunması, habelə ABŞ Ədliyyə Nazirliyinin bu firmaya qarşı texnoloji casusluq ittihamı irəli sürməsi vəziyyəti daha da gərginləşdirib. Pekin isə Vaşinqtonun öz gücündən istifadə edərək Çin şirkətlərinə zərər vurduğunu iddia edir.

Ekspertlər qeyd edirlər ki, ABŞ-ın bu məsələdə narahatlığı heç də əsassız deyil. Belə ki, müasir dövrdə texnologiya sahəsində üstünlüyə nail olmaq qlobal miqyasda liderliyi əldə saxlamaq üçün ən təsirli vasitədir. Onlar bildirirlər ki, 5G texnologiyasına sahib olmaq və rəqiblərini üstələmək nüvə texnologiyalarında nailiyyətlərdən də əhəmiyyətlidir. Çünki 5G informasiya kommunikasiya texnologiyalarında inqilab kimi qiymətləndirilir. Məhz onun sayəsində sürücüsüz avtomobillər, "ağıllı" şəhərlər, məsafədən aparılan cərrahi əməliyyatlar, robotların işlədiyi fabriklər layihələri yeni vüsət alacaq. Eyni zamanda, 5G texnologiyası hərbi texnika sahəsində də rəqibləri geridə qoymağa imkan verəcək. İri şirkətlərə gəldikdə isə, onlar bu texnologiya ilə kiberhücumlara daha az məruz qalacaqlar. Bu səbəbdən 2000-ci ilədək texnologiya məhsullarını idxal edən və onların ucuz surətini istehsal edən Çinin 5G texnologiyasının tətbiqi sahəsində bir addım irəlidə olması Vaşinqtonun ciddi narahatlığına səbəb olub. Bu ölkə artıq "Ar-Ge" büdcəsi üzrə həmin sahəyə ABŞ-dan sonra ən çox sərmayə qoyan (450 milyard dollar) qlobal gücə çevrilib.