Birləşmiş Ərəb Əmirliklərində minlərlə insan Roma Papası ilə görüşmək üçün növbələrdə dayanır


Digərləri 01 Fev 2019 00:45:00 429 0

Birləşmiş Ərəb Əmirliklərində minlərlə insan Roma Papası ilə görüşmək üçün növbələrdə dayanır

Dubayda on mindən çox insan Roma Papası Fransisk ilə görüşə bilet əldə etmək üçün Müqəddəs Mariya kilsəsinin qarşısına toplaşır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Papa Fransisk fevralın 5-də Əbu-Dabinin 43 min yerlik "Zayed Sports City" stadionunda messa keçirəcək. Hazırda Roma Papası ilə görüşə 50 min adam qeydiyyatdan keçib və bu proses fevralın 1-dək davam edəcək. Əmirlikdə yerləşən məbədlərin qarşısında minlərlə adamın toplaşması ilə əlaqədar pulsuz biletlərin paylanmasına yanvarın 28-dən başlanıb.

Xatırladaq ki, Roma Papasının səfəri fevralın 3-dən 5-dək Əbu-Dabinin vəliəhd şeyxi və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın şəxsi dəvəti ilə həyata keçiriləcək. Səfər çərçivəsində Pontifikin Müsəlman Ağsaqqallar Şurasının üzvləri ilə görüşü nəzərdə tutulub. Fevralın 4-də isə Əbu-Dabidə dünyanın müxtəlif ölkələrindən gələcək dini liderlərin iştirakı ilə ümumbəşəri qardaşlığa həsr olunmuş görüş təşkil ediləcək.