Rusiya deportasiya edilən gürcülərə 10 milyon avro ödəməlidir


Dünya 31 Yan 2019 22:31:00 430 0

Rusiya deportasiya edilən gürcülərə 10 milyon avro ödəməlidir

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası Rusiya dövlətinin Gürcüstana 10 milyon avro (11,5 milyon dollar) ödəməsi haqda qərar çıxarıb. Bu məbləğ 2006-cı ildə Gürcüstan vətəndaşlarının Rusiyadan kütləvi deportasiyasına görə ödənməlidir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, məhkəmənin yanvarın 31-də çıxardığı qərarda deyilir ki, məbləğ azı 1500 gürcüstanlıya deportasiya kampaniyası zamanı gördükləri ziyana görə ödənməlidir.

Qeyd edək ki, 2014-cü ilin iyulunda çıxarılmış ilkin instansiya hökmündə Strasburq məhkəməsi Gürcüstanın iddialarını təmin edib. Gürcüstan tərəfi deyir ki, Rusiyada yaşayan gürcüstanlıların "saxlanması, həbsi və qovulması hakimiyyətin koordinasiya olunmuş siyasəti" idi.

Məhkəmə qovulmaların "qanunsuz" olduğunu, Avropa İnsan Haqları Konvensiyasının pozulduğunu bildirib. Rusiya bu qərardan Böyük Palataya şikayət verib və bu qurumun qərarları yekun sayılır.

Gürcüstan hökuməti bildirir ki, 2006-cı ilin sentyabrından 2007-ci ilin yanvarınadək 4 min 600-dən çox deportasiya qərarı çıxarılıb, 2 min 300-dən çox gürcüstanlı saxlanaraq ölkədən məcburən çıxarılıb.