BPdən daha iri biznesi necə qurmaq olar?


Digərləri 31 Yan 2019 21:41:00 451 0

BPdən daha iri biznesi necə qurmaq olar?

Hadisə paytaxt Mexikodan 120 kilometr şimala doğru yerləşən Tlahuelilpan şəhərində olub.

Hakimiyyət güman edir ki, partlayış borunu oğurluq məqsədilə kəməri dəlmək cəhdindən sonra baş verib.

Bu cür kriminal fəaliyyət nəhəng qlobal qara bazarın tərkib hissəsidir.

Ehtimallara görə, oğurluq, fırıldaqçılıq və yanacaq növlərinin qarışdırılması nəticəsində neft və qaz şirkətlərinin itkiləri 133 mlrd dollara çatır. Belə statistika 2018-ci ildə Yale universiteti tərəfindən hazırlanan hesabatda əks olunur.

Bu rəqəm BP şirkətinin bazar dəyərindən artıqdır. O, həmçinin dünyanın ən iri 10 neft istehsalçısından biri olan Küveytin ÜDM-ni üstələyir.

Lakin aşağıda göstərildiyi kimi qara bazarın həcmi yalnız xırdavari oğurluq nəticəsində formalaşmır.

"Partlayıcı" eşşək nəqliyyatı

Əlcəzairdən Mərakeşə qeyri-qanuni yanacaq daşıyanlar eşşəklərdən istifadə edirlər

1994-c ildə Fransa və Əlcəzair vətəndaşları tərəfindən Mərakeşdəki hotelə hücum Əlcəzair-Mərakeş sərhədinin bağlanmasına səbəb oldu.

Hərçənd bu qərar neftlə zəngin qonşunun ərazisindən yanacaq qaçaqmalçılığının qarşısını almadı.

Mərakeş neft və təbii qaza ehtiyacının çoxunu idxal hesabına qarşılayır.

O, Yaxın Şərq və Şimali Afrika bölgəsində ən bahalı benzinin satıldığı 4 ölkədən biridir. Bu göstəriciyə görə Mərakeşi yalnız İsrail, İordaniya və müharibənin parçaladığı Yəmən üstələyir.

Bahalı yanacaq qaçaqmalçılıq üçün münbit şərait yaradır.

Buna görə yanacaq kanistrlərini daşiyan eşşək karvanları Əlcəzair sərhədi yaxınlığında nadir səhnə deyil.

Hərçənd ki, son illərdə sərhədin hər iki tərəfində qaçaqmalçılıqla mübarizə sərtləşdirilməkdədir.

Bunun altını günahsız heyvanlar da çəkir: Bölgədən daxil olan xəbərlərdə eşşəklərin güllələndiyi və partlayışda öldüyü bildirilir.

2013-cü ildə Əlcəzair Energetika Nazirliyinin dəyərləndirməsinə görə Mərakeş və Tunisə qanunsuz ötürülən yanacağın həcmi ildə 1.5 milyard litrdən artıq olub.

Nigeriyanın neft sızıntısı

Nigeriyada neft oğurluğu tüğyan edir

2012-ci ildə Nigeriya hökumətinin hesabatı pis idarəçiliklə korrupsiya nəticəsində büdcənin milyardlarla dollardan məhrum edildiyini ortaya çıxarıb.

Sənəd yanacağın bahalaşması ilə bağlı etirazlar ərəfəsində hazırlanıb.

BBC-nin də gördüyü həmin hesabatda deyilir ki, neft oğurluğuna görə büdcə itkilərinin həcmi hər il 6 milyard dollara çatır.

Nigeriya dünyanın ən iri neft istehsalçılarından biri olsa da, olduqca yüksək yoxsulluq səviyyəsi ilə seçilir.

Kasıb bölgələrdən keçən boru kəmərlərində vandalizm adi haldır. Son iki onillikdə bu ölkə ərazisində bir neçə partlayış və tələfatla nəticələnən qəzalar qeydə alınıb.

Onlardan ən böyüyü 1998-ci ildə baş verib. Hadisədə 700 nəfər həlak olub.

"Petro-piracy" və ya "neft piratlığı" daha bir gəlirli sahəni - tankerlərin qaçırılmasını təsvir edən ifadədir.

2018-ci ildə Qvineya körfəzində tankerlərə hücumların sayı artıb, Nigeriya Hərbi Dəniz Donanması bildirir.

Britaniyada mənzillənən Chatham House araşdırma mərkəzinin 2016-ci ildə hazırladığı hesabata əsasən körfəzdə oğurlanan neft məhsullarının günlük həcmi 400 min barel civarındadır.

Meksikada Robin Hood əvəzinə kartellər

San Martín Texmelucan boru kəmərində qəzadan sonra görə qalxan tüstünü fəzadan müşahidə etmək olar

Meksikada yanacaq oğurluğu o qədər geniş yayılıb ki, onu ifadə edən söz də mövcuddur - huachicoleo.

Nə vaxtsa huachicoleo-lar Robin Hood sayağı əməllərinə görə tanınıb. Lakin hazırda bu ad daha çox mütəşəkkil cinayətkarlıqla əlaqələndirilir.

Meksika hakimiyyətinə əsasən yanacaq oğurluğunda bədnam narkokartellərin də əli var. Güman olunur ki, onlar daha kiçik quldur dəstələrinə ödəniş müqabilində öz ərazilərindəki fəaliyyətə "izn" verirlər.

ABŞ-ın Atlantic Council təhlil mərkəzinin hesablamalarına görə, borudakı dəlik vasitəsilə 90 min dollar dəyərində benzin sızdırmaq üçün cəmi 7 dəqiqə vaxt kifayət edir.

Belə əməliyyat üçün huachicolero-lara gündə 40 dollar ödənilir. Meksikada orta əmək haqqının 18 dollar təşkil etdiyini nəzərə alınsa, bu, olduqca gəlirli biznes sayıla bilər.