Xoruldamaq və ya nərə çəkmək


Digərləri 31 Yan 2019 21:44:00 431 0

Xoruldamaq və ya nərə çəkmək

Son.az ayna.az-a istinadən İbrahim Nəbioğlunun yazısını təqdim edir

Adanaya ezamiyyətə getmişdim illər əvvəl. Oradakı dostlar şəhərin o vaxt üçün ən yaxşı oteli sayılan "Seyhan Hotel"də rahat bir otaq ayırmışdılar. Bütün günü Adananın nəfəs kəsən 45 dərəcə istisində ora-bura qaçıb, işlərimi bitirdim. Axşam yeməyi üçün nə qədər israr etsələr də, "Buraya gəlib Adana-kabab yemədən gedilməz" desələr də, razılaşmadım, bir an öncə otelə gəlib, kondisionerli otağımda dincəlmək istədim. Şam yeməyini belə otağıma sifariş verdim. İstanbul təyyarəsi səhər çox erkəndən olduğundan yerimə alışılmışdan daha tez girdim.

Gecə dəhlizdən gələn çığır-bağır səslərinə oyandım. Yuxulu-yuxulu durub nə baş verdiyini anlamaq üçün qapını açdım. Bir neçə otel çalışanı və qonşu otaqlarda qalan 3-4 nəfər qonaq dəhlizə toplanmışdılar. Onlar nömrələrin birindən gələn dəhşətli xorultu səsindən şikayətçi idilər, bir ağızdan gözlərinə yuxu getmədiyini təkrarlayırdılar. Otel çalışanlarından biri "şübhəli" qismindəki iri cüssəli bir kişiyə alt mərtəbələrdə, bitişiyində kimsənin qalmadığı başqa bir nömrə təklif etdi. "Şübhəli" razılaşsa da, xanımı şiddətlə etiraz edir, öz yerində yatacaq deyə inad edirdi. Birdən yandakı nömrənin qapısı açıldı və dəhlizə İbrahim Tatlıses çıxdı. Ortaya sükut çökdü, az sonra müdirə bənzəyən biri durumu məşhur sənətçiyə danışıb, təklif etdiyi çözümü dilə gətirdi. O da yuxulu-yuxulu:"Yahu, gecənin bu vaxtında xoruldamağa görə də nömrəmi dəyişərlər",- deyə etiraz edəndə cüssəli adamın çəlimsiz qadını:"Efendim, kocam horlamıyor ki, Koroğlu gibi nara çekiyor",- dedi.

Hər kəs şaqqanaq çəkib gülüşdü, bu gülüş həm də konsensusa işarə idi. O gecə öyrəndim ki, məgərsə 2 növ xoruldama varmış: birincisi, bildiyimiz, normal adam kimi xoruldama, o biri isə nərə çəkərək xoruldama...

* * *

Bərbər kreslosuna oturan kim tez əlimdəki jurnalı açıb, gözümü boya qoxusu verən buz kimi şumal səhifəyə zillədim. Əlimdəki jurnal olmasa, qatı "Fenerbahçe" tərəfdarı olan bərbər Emre dır-dır eləyib, ovqatımı təlx edəcəkdi. Çempionatda sonuncu yerlərdə olan Fenerin azarkeş kütləsinə "bıçaq soxsan, qan çıxmaz" durumları o qədər acınacaqlıdır. Emre baxışları ilə aynadan məni söhbətə şirnikdirməyə girişsə də, mən açdığım səhifədəki məqaləni artıq oxumağa başlamışdım. Yazının ilk cümləsini oxuyan kimi özümdən asılı olmadan güldüm. Qarşımdakı aynaya baxa-baxa illər sonra yuxarıda nəql etdiyim hadisəni xatırladım.

Məqalədə ABŞ-ın Şimali İllinoys universitetindən (Northern Illinois University) Lyu Liçuan (Liu Li-Chuan) adlı alimin rəhbərlik etdiyi bir qrupun xoruldamaya qarşı yastıq icad etdiyindən yazırdı. Bu yastıq xoruldayan adam üçün deyil, onun yanındakı - "işgəncəyə" məruz qalan üçün nəzərdə tutulub. Yastıq xorultu səsini effektiv olaraq udma xüsusiyyətinə sahibdir. Bu texnoloji yastığın içində səsgücləndiricilər, üç mikrofon və səs filtrindən ibarət elektron avadanlıq var. Bunun sayəsində yastıq yanında yatanın xoruldama səsini boğur, susdurur.

Diqqətli oxucular xatırlayacaqlar, siqaret çəkməyi tərgitdiyim MORA terapiyası haqda böyük marağa səbəb olan bir məqalə yazmışdım. Texnoloji yastığın çalışma prinsipini də ona bənzətmək olar - yastığın içindəki mikrofonlar ətrafdakı səsləri "ələ keçirib", içindən xorultu səslərini seçir, səsgücləndiricilər vasitəsilə xorultu səsinin amplitudasına bərabər səs dalğaları buraxır. Ancaq buraxılan səs dalğaları tərs amplitudalıdır və onların toplamı səsi söndürür - tərs amplitudalı dalğaların cəmi sıfra bərabərdir. Əlahəzrət Texnologiya artıq xoruldama problemini çözməyə də əl atıb.