İcbari tibbi sığorta üzrə sığorta haqları təsdiqlənib


Digərləri 31 Yan 2019 21:21:00 386 0

İcbari tibbi sığorta üzrə sığorta haqları təsdiqlənib

Prezident İlham Əliyev "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna aşağıdakı maddə əlavə edilir:

Maddə 15-10. İcbari tibbi sığorta üzrə sığorta haqları

15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:

15-10.1.1. xidmətlər zərfinin baza hissəsi üzrə -təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz) manat;

15-10.1.2. xidmətlər zərfinin əlavə hissəsi üzrə:

15-10.1.2.1. bu Qanunun 15-2.3.1-ci və 15-2.3.2-ci maddələrində nəzərdə tutulan şəxslər üzrə:

1. sığortalı tərəfindən - hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

2. sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 2 faizi;

15-10.1.2.2. bu Qanunun 15-2.3.3-cü - 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər üzrə - təqvim ili üçün adambaşına 120 manat.

15-10.1.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə - 0,02 manat;

15-10.1.4. energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,1 manat;

15-10.1.5. tütün məmulatlarına aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,05 manat;

15-10.1.6. alkoqollu içkilərə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,1 manat;

15-10.1.7. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilən təqvim haqqının 50 faizi;

15-10.1.8. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sığortalının sığorta müqaviləsi üzrə sığortaçıya ödədiyi sığorta haqqının 5 faizi.

15-10.2. Bu Qanunun 15-10.1.1-ci və 15-10.1.2.2-ci maddələrində müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.

Maddə 15-11. İcbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim olunması

15-11.1. İcbari tibbi sığortanın maliyyə mənbələri üzrə daxil olan vəsaitlər icbari tibbi sığorta fondunda cəmləşdirilir.

15-11.2. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqları, habelə bu Qanunun 15-2.3.3-cü maddəsində göstərilən şəxslər üçün sığorta haqları dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq ödənilir.