Beynəlxalq Muğam Mərkəzinin “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” adlı elmiseminar keçirilib


Kriminal 31 Yan 2019 18:44:00 360 0

Beynəlxalq Muğam Mərkəzinin “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” adlı elmiseminar keçirilib

Yanvarın 30-da Beynəlxalq Muğam Mərkəzində (BMM) AMEA-nın Folklor İnstitutu ilə birgə "Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri" mövzusunda elmi-seminar keçirilib. 

Son.az xəbər verir ki, tədbiri AMEA-nın Folklor İnstitunun "Musiqi folkloru" şöbəsinin  müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə  Rəhimbəyli açaraq Azərbaycan foklorunun ən qədim janrılarından olan bayatıların minillik tarixi- mədəni yaddaşı, xalqımızın milli-mənəvi dəyəri olduğunu bildirib. O bayatıların əsrlər boyu sadəlik, mərdlik, dostluq, igidlik, qeyrət, namus, ar, məğrurluq kimi insani keyfiyyətləri özündə əks etdirdiyini, mədəniyyətimizin, dilimizin, dinimizin və kimliyimizin dərki kimi təcəssüm etdiyini vurğulayıb.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvi, professor Firəngiz Əlizadə "Müasir bəstəkarların yaradıcılığında bayatı janrı" mövzusunda çıxış edərək bayatıların musiqiyə daha tez uyuşmasını bu janrın özəlliyi kimi səciyyələndirib. O qeyd edib ki, Azərbaycan bəstəkarlarının yaradıcılığında bayatı janrında yazılmış onlarla mahnıya rast gəlmək olar və nümunə olaraq Aqşın Əlizadənin "Bayatılar"əsərini, Cahangir Cahangirovun "Aşıq Alı" kantatasını, Mobil Babayevin "Bayatılar" üçün vokal silsiləsini göstərib. 

Əməkdar incəsənət xadimi, "Ənənəvi musiqi üzrə Beynəlxalq Şura"-nın (ICTM, YUNESCO), eləcə də Azərbaycan Bəstəkarlat İttifaqının üzvü Sürəyya Ağayeva "Qədim dövr və orta əsrlərdə Azərbaycan türk muğamı və bayatılar" mövzusunda çıxış edib. O bayatıların insanın əsasən lirik-fəlsəfi duyğularını yığcam poetik şəkildə ifadə etdiyini, bu poetik formanın növləri arasında layla, nazlama, ağı, sayaçı sözü, holavar, vəsfi-hal və s. örnəklərin olduğunu bildirib. S. Ağayeva "Bayat" sözünə professional musiqi risalalərində XIV əsrin ortalarında Ə.Səfəvi adında alimin əsərində rast gəlindiyini, lakin XIV-XV əsrdə yaşamış məşhur Azərbaycan alimi Əbdülqadir Marağainin "Came əl-əlhan" ("Melodiyalar məcmusu") adlı nəzəri əsərində "Bayatı şöbəsi" haqqında daha ətraflı məlumat verdiyini və bunu Əbcəd yazı üsulu ilə göstərdiyini vurğulayıb. Ə.Marağai öz risalələrində Bayatı muğamını çox həzin və qəmgin musiqi olduğunu da qeyd edib. 


Xəbərə aid fotolar