Magistraturaya sənəd qəbulu başlayır


Digərləri 31 Yan 2019 18:22:00 377 0

Magistraturaya sənəd qəbulu başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir.

DİM-dən Son.az-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

İmtahanda iştirak etmək üçün bakalavr 2019-cu il fevralın 1-dən 11-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) "Şəxsi kabinet"indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 1 fevral 2019-cu il saat 10.00-dan 11 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir (etdirir).

Qəbul imtahanı mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi 2019-cu il fevralın 24-də, ikinci mərhələsi isə mayın 26-da keçiriləcəkdir. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviy­yəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

Birinci mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaqdır.