Bəyanat: Ermənistanda siyasətçinin ölümünə səssiz qalan Avropa Parlamenti Azərbaycana qarşı qərəzli münasibət göstərir


Siyasət 31 Yan 2019 16:57:00 362 0

Bəyanat: Ermənistanda siyasətçinin ölümünə səssiz qalan Avropa Parlamenti Azərbaycana qarşı qərəzli münasibət göstərir

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının Avropa Parlamentinin Ermənistanda 2018-ci ilin dekabrın 5-dən aclıq aksiyası keçirmiş jurnalist, "Haynews.am" saytının rəhbəri, "Erməni qartalları: Vahid Ermənistan" Partiyasının sədr müavini Mqer Yegizaryanın ölümünə səssiz qalmasına və Azərbaycana qarşı qərəzli münasibətinə dair bəyanat verib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə təşkilatdan məlumat verilib.

Bəyanatda deyilir: "Hörmətli Avropa Parlamentinin üzvləri! Bildiyimiz kimi bu günlərdə Yerevan həbsxanasında 52 gün aclıq aksiyası keçirmiş jurnalist, "Haynews.am" saytının rəhbəri, "Erməni qartalları: Vahid Ermənistan" Partiyasının sədr müavini Mqer Yegizaryanın ölmüş və bununla bağlı istər Avropa Parlamenti, istərsədə qitənin digər siyasi qurumları heç bir reaksiya verməyib. Günlərlə davam etmiş bu aclıq aksiyasnın nə Ermənistan hakimiyyətini, nə də demokratiyanı, insan hüquqlarını əlində bayraq edən beynəlxalq və regional təşkilatları narahat etməməsi təəssüf doğurur.

Halbuki, bundan bir həftə əvvəl Avropa Parlamentinin üzvləri Azərbaycanda gənc bloqqer Mehman Hüseynovun 2 günlük aclıq aksiyasını "dünya miqyasında baş vermiş ciddi siyasi hadisə" kimi götürüb Azərbaycan barədə birtərəfli, yalnız məhkumun qardaşının təxəyyülü əsasında qeyri-obyektiv və qərəzli qətnamə qəbul ediblər. Baxmayaraq ki, Mehman Hüseynovla bağlı Azərbaycanda ölkə prezidentinin ciddi siyasi reaksiyasından tutmuş, milli QHT və insan hüquqları müdafiəçilərinin obyektiv münasibət və mövqeyini gördük.

Yegizaryanın ölümünə və buna heç bir ciddi reaksiyanın sərgilənməməsinə gəldikdə isə bu Avropalı siyasilərin bizlərə yaxşı məlum olan ikili, şərq mədəniyyətinə, müsəlman toplumunun çoxluq təşkil etdiyi cəmiyyətə (Azərbaycana) fərqli təzyiq dili ilə yanaşması və müstəqil siyasi kurs yeridən ölkəmizə ədalətsiz münasibəti ilə hər zaman görmüşük.

Bundan əvvəl Ermənistan parlamentində baş vermiş siyasi terror, dövlət adamlarının güllələnməsi, 10 il öncə Yerevan küçələrinin qana boyadılması, dinc nümayişçilərin öldürülməsi, fərqli dünyagörüşünə görə ictimai-siyasi fəalların dövlət aparatının ciddi təzyiqləri ilə üzləşməsi və illərlə bu təcavüzkar ölkədə total saxtakarlıqlarla keçən prezident və parlament seçkiləri barədə bir bəndlik belə qətnamə qəbul etməyən Avropa Parlamentinin bu yeni "mövqeyi", əslində mövqeysizliyi də qəbul olunandı. Bunun bir adı var - bizim siyasi maraqlarımızın oyunçusu olan Ermənistana dəstək olaq, öz dəsti xətti olan Azərbaycana qarşı isə qarayaxma aparaq.

Amma Avropa Parlamenti unudur ki, heç bir iqtisadi resursu və inkişafı olmayan Ermənistandan fərqli olaraq, Azərbaycan qoca qitənin enerji təhlükəsizliyinin əsas qarantlarından biridir. Bunula bağlı Avropa İttifaqının və Avropa Komissiyasının qərar və rəsmi şəxslərinin dəfələrlə səslənən mövqeylərini yada salmaq kifayətdir".