Narkoloji Mərkəzin yanğına görə həbsdə olan direktoru: "Bina köhnə və yararsız idi"


Digərləri 31 Yan 2019 16:08:00 413 0

Narkoloji Mərkəzin yanğına görə həbsdə olan direktoru: "Bina köhnə və yararsız idi"

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - mərkəzin direktoru Telman Məmmədhəsənov, işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi - şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə T.Məmmədhəsənov sərbəst ifadə verib.

O, 2011-ci ildə yaradılan mərkəzə rəhbər təyin edildiyini söyləyib.

T.Məmmədhəsənov ona qarşı elan olunmuş ittihamlarla razılaşmadığını, heç bir xəstənin mərkəzdəki müalicəsinin qeyri-qanuni olaraq uzadılmadığını bildirib: "Cinayət işində qeyd edilib ki, guya təqsirləndirilən Məhəmməd Məmmədovun müalicəsi məcburi aparılıb, onu mərkəzdə saxlamışıq, müddəti uzatmışıq. Orada xəstənin qəbulu, onun müalicəsinə nəzarət mənim işim deyildi. Mərkəzdə təlimat var və orada hər kəsin vəzifəsi qeyd edilib. Əgər hər hansı bir xəstə qeyri-qanuni mərkəzə qəbul edilibsə, bunu edənlər cəzalandırılmalıdır. Axı mən hər gün onların yanında olmurdum. Mənə məruzə olunan, özümün bildiyim bütün problemləri həll etmişəm. Xəstələr məhkəmə qərarı ilə məcburi müalicəyə göndəriliblər. Onların müalicələri başa çatanda da könüllü olaraq çıxıb gediblər. Mənim bu işdən necə xəbərim olub ki, heç Məhəmmədin ailəsini belə tanımıram. Məhəmmədi ailəsinin məcburi mərkəzə gətirdiyi, bəzi şəxslərlə əlbir olduğu yazılıb. Mən onları tanımıramsa, necə əlbir olmaqdan söhbət gedə bilər? O zaman özümü günahkar bilərdim ki, mərkəzdə bütün ştatlar ləğv edilsin və bütün işləri mən görüm. Xəstəyə iynəni də mən vurum, müalicəni də mən aparım və sair".

Onun sözlərinə görə, yeni mərkəzin inşa edilməsi üçün özü müraciət edib: "Mərkəzə ayrılan bir iynə belə kənara gedə bilməzdi. Hər şey xəstəyə verilirdi".