Dövlət Komitəsi: "Bəzi müsəlman ölkələri öz dini ideologiyalarını Azərbaycana yeritmək istəyirlər"


Digərləri 31 Yan 2019 12:50:00 398 0

Dövlət Komitəsi: "Bəzi müsəlman ölkələri öz dini ideologiyalarını Azərbaycana yeritmək istəyirlər"

Təəssüf edilməli hal budur ki, bu gün bəzi müsəlman ölkələri də Azərbaycana təsir göstərmək və öz dini ideologiyalarını Azərbaycana yeritmək istəyirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Dini və ideoloji təhlükəsizlik" mövzusunda keçirilən seminar-müşavirədə deyib.

O qeyd edib ki, dünyada qlobal təhlükəsizlik məsələləri əsasında dini və etnik problemlər dayanır: "Lakin bu məsələ özü yaranmır, kimlər tərəfindənsə yaradılır. Dünyada multikulturalizmin, tolerantlığın zəiflədiyi bir dövrdə Azərbaycanda multikulturalizm, tolerantlıq güclənir. Bu bizim sabitliyimizin təməlini təşkil edir və bizi qürrələndirir. Lakin Qərbdə bəzi qüvvələr Azərbaycanı zəiflətmək niyyətindədirlər və onların təhdidlərini açıq-aydın görürük".

S.Heydərov bildirib ki, bu gün Azərbaycan islamofobiyaya qarşı çox sərt mövqe nümayiş etdirir. Lakin bu, bəzi ölkələrin xoşuna gəlmədiyi üçün onlar tərəfindən də ölkəmizə qarşı əks-mövqe nümayiş etdirilir.

Komitənin sədr müavini əlavə edib ki, bu gün Azərbaycan dövlətinə qarşı şər və böhtanlar atılır, burada hədəf dövlətçiliyimizdir: "Biz Şərq ölkələrində baş verən hadisələrdən nəticə çıxarmalıyıq və kimlərinsə bizdən istifadə etməsinə imkan verməməliyik. Bu gün radikalizmin hədəfi gənclərdir. Bu gün gənclər sosial şəbəkələrdən aktiv istifadə edirlər. Nəzərə almaq lazımdır ki, insan bir gecədə radikalist olmur. Ona görə də sosial şəbəkələrdən istifadə etdikdə çox diqqətli olmaq lazımdır".