Bakı Ali Neft Məktəbinin tələbələri İspaniyada təhsil alacaqlar


Digərləri 31 Yan 2019 12:44:00 446 0

Bakı Ali Neft Məktəbinin tələbələri İspaniyada təhsil alacaqlar

Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi 2018/2019-cu tədris ilinin yaz semestrində təhsillərini İspaniyanın "Alcala" Universitetində davam etdirəcəklər. "Erasmus+" proqramı çərçivəsində həyata keçirilən bu tələbə mübadilə proqramı BANM-ın altı tələbəsinin beş ay müddətinə İspaniyanın "Alcala de Henares" şəhərinə göndərilməsini təmin edir.

Son.az xəbər verir ki, BANM-da həmin tələbələri yola salmaq üçün görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, müəllimlər, valideynlər və dostlarını yola salmaq üçün tələbələr iştirak ediblər.

Ali Məktəbin rektoru Elmar Qasımov qeyd edib ki, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasında təhsil alan 6 tələbənin İspaniyaya təhsil üçün göndərilməsi BANM-ın xarici layihələrə və universitetlərə inteqrasiyasının nəticəsidir. O qeyd edib ki, bu proqram çərçivəsində yaz semestrində digər ölkələrə də tələbələr göndəriləcək.

Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının dosenti Nailə Allahverdiyeva və Ali Məktəbin proqram meneceri Nərgiz Tarverdiyeva öz çıxışlarında tələbələrə müxtəlif tövsiyələr verib, onlara uğurlar arzulayıblar.