Süni intellekt texnologiyaları bazarı sürətlə böyüyəcək


Digərləri 31 Yan 2019 08:21:00 404 0

Süni intellekt texnologiyaları bazarı sürətlə böyüyəcək

"Frost & Sullivan" konsaltinq şirkəti 2017-ci ildə süni intellekt texnologiyaları bazarının həcminin 13,4 milyard dollar təşkil etməsini açıqlayaraq 2022-ci ilədək bu göstəricinin dörd dəfə artaraq 52,5 milyard dollara çatacağını proqnozlaşdırır.

Son.az ICTnews-a istinadən bildirir ki, yaxın illərdə qlobal miqyasda süni intellekt üçün illik xərclərin 31 faiz artacağı gözlənilir. 2030-cu ilədək belə texnologiyaların tətbiqi dünya məhsul və xidmətlər bazarının həcmini 15,7 trilyon dollar artıracaq.

Hazırda süni intellekt layihə və startaplarına investisiyaların məbləğinə, eləcə də imzalanmış investisiya sazişlərinin sayına görə ABŞ lider olaraq qalır. Sonrakı mövqelərdə Çin və Böyük Britaniya qərarlaşıb.  

Lakin süni intellekt texnologiyaları və şirkətlərinə orta investisiya həcmi baxımından lider Çindir. Son iki ildə ölkədə orta saziş üçün 100 milyon dollardan çox xərclər nəzərdə tutulub. ABŞ və Böyük Britaniyada bu göstəricilər müvafiq olaraq 15 və 5,4 milyon dollara bərabər olub.

Tədqiqatda qeyd olunur ki, süni intellekt kompüter texnologiyalarında tədqiqatlar üçün aparıcı istiqamətlərdən olaraq qalır. Sahəyə belə diqqət süni intellektin insanın düşünmə prosesini imitasiya edərək birtipli vəzifələrin yerinə yetirilməsi üçün proqramlaşdırılan adi kompüterlərdən daha effektiv öz-özünə öyrənməsi və müxtəlif əməliyyatlar yerinə yetirməsi ilə əlaqədardır.