Əli Kərimlinin himayədarlarının Rusiyadan pulları necə göndərməsi


Digərləri 30 Yan 2019 18:01:00 234 0

Əli Kərimlinin himayədarlarının Rusiyadan pulları necə göndərməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Təzəxan Mirələmli şahid qismində dindiriliblər.

Məhkəmə iclasında Əli Kərimli və Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, eləcə də KİV-lərin nümayəndələri iştirak ediblər.

Heydər Əhmədov məhkəmədə ifadəsində göstərib ki, 2016-cı ilin dekabr ayından yaşayış qaydalarını pozduğuna görə Rusiyadan Azərbaycana deport olunmuş, bundan sonra ailəsinin dolanışığı məqsədilə ABŞ dollarının banklardan kənar köçürülməsi işi ilə məşğul olmuşdur. ABŞ dollarının köçürülməsi üçün bacısının həyat yoldaşı Aslan Qəhrəmanovun ona Rusiyadan göndərdiyi təxminən 15.000-20.000 ABŞ dollarını gün ərzində Aslan tərəfindən ona adları vatsap vasitəsilə göndərilən şəxslərlə 5 №-li xəstəxananın qarşısında görüşərək onlara çatdırmış və etdiyi xidmətə görə aylıq 500 manat qazancı olurdu.

Heydər Əhmədov ifadəsində həmçinin qeyd etmişdir ki, sonradan tanıdığı Vidadi Rüstəmlinin anket məlumatlarını da Aslan 2017-ci ilin may ayında vatsap vasitəsi ilə onun istifadə etdiyi mobil telefona göndərmişdir. Həmin vaxtı Aslan ona yazaraq Vidadiyə 37 min ABŞ dollarına yaxın pul verməyini bildirmişdir. Aslanla telefon yazışmalarından sonra səhəri gün Vidadi Rüstəmli ilə 5 №-li xəstəxənanın qarşısında görüşərək həmin 37 min ABŞ dollarına yaxın pulu ona vermişdir. Bundan sonra Vidadi Rüstəmli onunla vatsap vasitəsi ilə əlaqə saxlamış, ötən ilin aprel ayına qədər olan müddət ərzində ayda bir dəfə olmaqla onun adına Rusiyadan göndərilmiş 5.000 ABŞ dollar pulu həmişə olduğu kimi 5 №-li xəstəxənanın qarşısından gəlib götürmüşdür.

Ceyhun Hüseynov məhkəmədə ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxın müddətdir ki, Rusiya vətəndaşı olan və Moskvada yaşayan Salman adlı şəxsin müxtəlif insanlar vasitəsi ilə Rusiyadan Bakıya göndərdiyi pul vəsaitini qəbul edir, daha sonra Salmanın tapşırığına əsasən dediyi şəxslərə çatdırır. Buna görə də Salman hər ay ona 500 ABŞ dolları pul verir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Vidadi Rüstəmli də Salmanın göndərdiyi pullardan bir ildən artıq müddət ərzində hər ay mütəmadi olaraq gəlib hər dəfə 4.000-5.000 ABŞ dolları pul götürmüşdür. C.Hüseynov vurğuladı ki, hətta bir dəfə Vidadi ondan 50.000 ABŞ dolları məbləğində pul götürmüşdür.