"Ləğv olunan qurumların işçiləri vakant vəzifələrə təyin ediləcək"


Digərləri 30 Yan 2019 17:37:00 277 0

"Ləğv olunan qurumların işçiləri vakant vəzifələrə təyin ediləcək"

"Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin ləğvi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı işlər də həyata keçiriləcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Nazirliyin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsinə həsr olunmuş geniş müşavirədə çıxış edərkən deyib.

Ə.Qarayev bildirib ki, Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsini, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur.

Mədəniyyət Nazirliyində həyata keçirilən islahatların uğurla davam etdirildiyini deyən nazir deyib ki, Prezident İlham Əliyevin 2016-cı il martın 29-da imzaladığı Sərəncama uyğun olaraq 2017-ci ildən nazirliyin Bakı şəhəri üzrə baş idarəsi və 15 regional mədəniyyət idarəsi fəaliyyət göstərir. Ölkə başçısının "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il iyunun 6-da imzaladığı fərmana uyğun olaraq Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılıb.