Azərbaycan Beynəlxalq Bankı Milli KSM Mükafatına layiq görüldü


Digərləri 30 Yan 2019 13:51:00 236 0

Azərbaycan Beynəlxalq Bankı Milli KSM Mükafatına layiq görüldü

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ilk dəfə olaraq keçirilmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin qaliblərindən olub. Bank ana dilimizdə elektron resursların yaradılmasına və fiziki məhdudiyyətli gənclərimizin cəmiyyətə fəal inteqrasiyasına dəstək məqsədilə onların iştirakı ilə reallaşdırdığı www.kitabidinle.az layihəsinə görə Milli KSM Mükafatı qazanıb. Bu layihə "Təhsildə inklüzivliyin təmin edilməsi üzrə ilin layihəsi" seçilib. Yanvarın 29-da Bakı Konqres Mərkəzində keçirilən təqdimetmə mərasimində Milli KSM Mükafatı Azərbaycan Beynəlxalq Bankına təqdim olunub.

Qeyd edək ki, KSM layihələri üzrə ümumrespublika müsabiqəsi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, PROAKTİV PR şirkətinin, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin, eləcə də bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə keçirilib. Müsabiqənin məqsədi ölkəmizdəki biznes subyektlərinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına nail olmaq, bu sahədə motivasiya yaratmaqdır. Müsabiqəyə ölkənin ayrı-ayrı aparıcı biznes qurumları öz KSM layihələrini təqdim ediblər. Layihələr bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən anonim olaraq qiymətləndirilib və ilin layihələri seçilib.


Xəbərə aid fotolar