Şəki ipəyindən hazırlanan məhsulların Avropa bazarlarına çıxarılması üçün iş aparılır


Digərləri 30 Yan 2019 11:53:00 243 0

Şəki ipəyindən hazırlanan məhsulların Avropa bazarlarına çıxarılması üçün iş aparılır

Şəki ipəyindən hazırlanan məhsulların Avropa bazarlarına çıxarılması üçün iş aparılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyev iştirakı ilə keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunları üzrə konfransda çıxışı zamanı deyib.

E.Usubov qeyd edib ki, nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində Şəki şəhərinin də davamlı inkişafı təmin edilib, insanların rahat yaşaması, rayonun aqrar və turizm potensialından daha səmərəli istifadə olunması üçün mühüm işlər görülüb: "Bu illər ərzində 41 məktəb, 18 uşaq bağçası, 6 səhiyyə və 11 mədəniyyət müəssisəsi tikilib və ya əsaslı təmir olunub, Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması davam edib, yaşayış məntəqələrinin 86 faizi qazlaşdırılıb, yüksək keyfiyyətli yollar çəkilib, ən müasir tələblərə cavab verən mehmanxanalar, istirahət mərkəzləri və kompleksləri inşa edilib, son 5 ildə 14 minə yaxın yeni iş yeri açılıb. Əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsində əvəzedilməz layihəniz olan "ASAN həyat" mərkəzinin açılması isə sakinlərimiz üçün ən böyük hədiyyə olub".

İcra başçısı bildirib ki, hər il Şəkidə keçirilən "İpək Yolu" Beynəlxalq Musiqi Festivalında dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları bizə həmişə xoş bayram ovqatı bəxş edir. Bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, musiqisevərlər etiraf edirlər ki, Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır. Festival günlərində təşkil olunmuş konsert proqramları şəhər sakinlərinin dünyagörüşünün, həyat tərzinin və musiqi mədəniyyətinin zənginləşməsinə mühüm təsir göstərir. Şəkidə mütəmadi olaraq keçirilən beynəlxalq festivallar şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır. Nəticədə Şəki turistlər üçün daha da cəlbedici məkana çevrilib, son beş ildə rayona gələn turistlərin sayı yeddi dəfədən çox artaraq 200 min nəfərə çatıb:

"Sizin dəstəyiniz və təşəbbüsünüz nəticəsində şəhərimizin beynəlxalq səviyyədə də tanıdılması istiqamətində mühüm işlər görülür. Belə ki, Şəkinin xalq tətbiqi sənəti hər il Fransanın Kolmar şəhərində keçirilən Milad bazarında nümayiş olunur. 2008-ci ildən Dünya Tarixi Şəhərlər Liqasının üzvü olan Şəki şəhəri 2016-cı ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan edilib, 2017-ci ildə isə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olunub. Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şərq memarlığının nadir incisi hesab olunan "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi"nin UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi üçün iş aparılır".