"Xəzər" zavodunda istehsal edilən avtomobillərin 95 faizi satılıb


Digərləri 30 Yan 2019 11:12:00 387 0

"Xəzər" zavodunda istehsal edilən avtomobillərin 95 faizi satılıb

"Xəzər" avtomobil zavodunda istehsal edilən avtomobillərin 95 faizi satılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Xəzər" avtomobil zavodunun direktoru Emin Axundov Prezident İlham Əliyev iştirakı ilə keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunları üzrə konfransda çıxışı zamanı deyib.

E.Axundov bildirib ki, investisiya dəyəri 25 milyon manat olan zavodun Neftçala Sənaye Məhəlləsində yerləşməsi və bununla da zəruri infrastruktur xərclərindən azad olması, eyni zamanda, müəssisəyə investisiya təşviqi sənədinin verilməsi nəticəsində ümumilikdə 8 milyon manat vəsaitə qənaət olunub. Bütün bunlar və digər güzəştlər avtomobillərin istehsalında və daha ucuz qiymətlə satışında önəmli göstəricilərdir:

"Bu gün zavodda 200-ə yaxın Neftçala sakini işlə təmin edilib, istehsal həcmi artdıqca, bu say 300 nəfərə çatacaqdır. "Made in Azerbaijan" brendi altında "Xəzər" avtomobil zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Zavod 2018-ci ilin sonuna kimi qarşısına qoyduğu məqsədi tam yerinə yetirib. Belə ki, ötən il zavodda mindən artıq avtomobil istehsal olunub. Bu avtomobillərin 95 faizi satılıb. Qeyd etmək istərdim ki, Azərbaycan istehsalı olan bu avtomobillərin alışının 40 faizi dövlət qurumlarının payına düşübsə, 60 faizi əhali tərəfindən alınıb ki, bu da istehsal edilən avtomobillərin rəqabətqabiliyyətli olmasının göstəricisidir".

Zavod direktoru vurğulayıb ki, "Xəzər" avtomobil zavodunda 2019-cu ilin fevral ayından artıq ilk "Peugeot" markalı avtomobillər istehsal xəttindən satışa çıxacaq: "İstehsala başlamaq üçün artıq bütün zəruri avadanlıqlar quraşdırılıb. Həmçinin 2019-cu ilin sonlarından etibarən isə "Khazar" avtomobillərinin ehtiyat hissələrinin bir hissəsini Azərbaycanda istehsal etməyi planlaşdırırıq".