Danimarka Almaniya ilə sərhəddə divar tikməyə başlayıb


Dünya 30 Yan 2019 02:30:00 283 0

Danimarka Almaniya ilə sərhəddə divar tikməyə başlayıb

Yanvarın 28-də Danimarka Afrika mənşəli donuz qarayarası virusunun Krallıqda yayılmasının qarşısını almaq məqsədilə Almaniya ilə sərhəd boyu divar tikməyə başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 70 kilometrlik divarın tikintisi cari ilin payızına qədər yekunlaşmalıdır. Ölkənin ətraf mühitin mühafizəsi və ərzaq naziri Yakob Elleman-Yensen jurnalistlərə bildirib ki, bu divar, həmçinin qabanların kütləvi ovlanması infeksiya zəncirini qıracaq və Danimarkada Afrika mənşəli donuz qarayarası virusunun yayılması riskini azaldacaq.

Afrika mənşəli donuz qarayarası virusu insan üçün təhlükəli deyil, amma donuzların bir neçə gün ərzində kütləvi tələfatına səbəb olur. Yerli jurnalistlər xatırladırlar ki, bu virus ilk dəfə 2014-cü ildə Polşada aşkar olunub və onun daşıyıcısı olan qaban qonşu Belarusdan bu ölkənin ərazisinə daxil olub. Ötən ilin sentyabrında Belçikanın Lüksemburq və Fransa ilə sərhədində də virusa yoluxmuş heyvanların tapılması bütün ölkələri profilaktik tədbirlər görməyə məcbur edib və karantin zonasının yaradılması məqsədilə minlərlə qaban və donuz məhv edilib. Almaniyada heyvanların bu virusa yoluxması halları qeydə alınmasa da, Danimarka hökuməti xəstəlikdən qorunmaq üçün müvafiq tədbirlərin görülməsinə qərar verib.