Prezident İlham Əliyev: Azərbaycan Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilir


Siyasət 29 Yan 2019 21:24:00 241 0

Prezident İlham Əliyev: Azərbaycan Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilir

Azərbaycan Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas sahəsi neft-qaz sektorudur. Bu, bu gün belədir, əvvəl də belə olub və bundan sonra da belə olacaq. Biz sadəcə olaraq, çalışırıq ki, qeyri-neft sektorunu sürətlə inkişaf etdirək, buna nail oluruq. Ancaq hansı ictimai-siyasi formasiyada yaşamasına baxmayaraq, Azərbaycanda ilk neft tapılan dövrdən bu günə qədər bu, əsas iqtisadi potensial olub. Biz bu təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir. Əgər bu layihələr icra edilməsə idi, biz bu qədər vəsait əldə edə bilməzdik. Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə çıxışımız yoxdur və bizə mütləq neft-qaz kəmərləri lazımdır. Bu kəmərlərin tikintisi həm maliyyə, həm siyasi, həm beynəlxalq əməkdaşlıq baxımından çox mürəkkəb və çətin bir layihələr idi. Biz bunu da bacardıq. Bu gün bu iki kəmər vasitəsilə resurslarımız dünya bazarlarına göndərilir".

İlham Əliyev deyib ki, hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir. Dörd layihədən üçü istifadəyə verilib. Keçən il TANAP və Cənub Qaz Dəhlizinin açılışı olmuşdur və bunlar tarixi hadisədir:

"Biz neftdən, qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəltdik ki, Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin. Bu gün biz artıq buna nail oluruq. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bu, həddindən artıq vacib layihədir. Çünki bu, artıq bizə imkan verir ki, Azərbaycan ərazisindən böyük həcmdə yüklər Şərqdən-Qərbə, Qərbdən-Şərqə göndərilsin. Bunun sayəsində həm bizim geosiyasi əhəmiyyətimiz artacaq, həm də biz bundan daim valyuta qazanacağıq. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması da böyük önəm daşıyır. Bu istiqamətdə də böyük işlər görülür. Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz müsbət rolunu oynayıb".

Prezident vurğulayıb ki, bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq: "Amma hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır. Ona görə biz Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilirik. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, bizim yol infrastrukturlarımız, müasir və müasirləşən infrastruktur, bütün bunlar son illər ərzində yaradılıb. Əgər biz infrastruktur layihələrinə diqqət yetirməsəydik, bu gün heç bir inkişafdan söhbət gedə bilməzdi.

On beş il bundan əvvəl biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Ya xaricdən idxal edirdik, ya da ki ölkəmizin bəzi yerləri işıqsız qalırdı. Ötən 15 il ərzində 31 yeni stansiya tikilmişdir, 2500 meqavatlıq yeni güclər yaradılmışdır. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini ixrac edirik. Təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün bu, 95 faizdir. İçməli su 26 faiz təmin edilirdi, bu gün bu, 70 faizdir. On beş il ərzində 15 min kilometr avtomobil yolu tikilib".