Prezident İlham Əliyev: "Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı"


Siyasət 29 Yan 2019 21:16:00 345 0

Prezident İlham Əliyev: "Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı"

Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

Prezident vurğulayıb ki, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır: "Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur.

Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı. Bir daha demək istəyirəm, bizim xarici siyasətimizin əsas məqsədi ondan ibarətdir ki, xaricdən gələn mümkün risklərin idarə olunmasına, azaldılmasına, aradan qaldırılmasına imkan versin. Biz buna nail oluruq".

Dövlət başçısı əlavə edib ki, son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır: "Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər.