Prezident İlham Əliyev: Azərbaycanda hər şey şəffaf, qanun çərçivəsində olmalıdır


Siyasət 29 Yan 2019 21:19:00 218 0

Prezident İlham Əliyev: Azərbaycanda hər şey şəffaf, qanun çərçivəsində olmalıdır

Azərbaycanda hər şey şəffaf, qanun çərçivəsində olmalıdır.

Son.az "Report"a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

Dövlətimizin başçısı bildirib: "Qeyd etdiyim kimi, biz 15 il ərzində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı böyük addımlar atdıq. Sahibkarlığın inkişafına böyük dəstək verdik. Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb. Sevindirici hal ondan ibarətdir ki, dövlət büdcəsindən bu məbləğin cəmi bir milyard manatı ayrılmışdır. Qalan bir milyard manatdan çox vəsait verilmiş və qaytarılmış kreditlər hesabına yenidən kredit şəklində verilib. Beləliklə, biz kifayət qədər böyük maliyyə resursu yaratmışıq. Bu, bizə imkan verir ki, dövlət büdcəsinin yükünü azaldaq və gələcəkdə güzəştli şərtlərlə sahibkarlara maliyyə dəstəyi göstərək".

İlham Əliyev qeyd edib ki, sənayeləşmə prosesi uğurla gedir: "Son vaxtlar sənaye parklarının fəaliyyətə başlaması geniş vüsət almışdır. İndi bu proses bir neçə şəhərdə gedir və sənaye parklarında bizim 67 rezidentimiz var. Onlardan 40-ı artıq fəaliyyətdədir. Aqroparkların yaradılması çox müsbət hal kimi qiymətləndirilə bilər. Proqramda 51 aqroparkın yaradılması nəzərdə tutulub. Onlardan 17-si fəaliyyətdədir. Qalan aqroparkların işə düşməsi nəticəsində həm bölgələrdə yeni iş yerləri yaradılacaq, həm də kənd təsərrüfatı məhsullarımızın istehsalı və ixracı daha da artacaq.

Biz bu illər ərzində kosmik dövlətə çevrildik. Bu da bizim qürur mənbəyimizdir. Artıq üç peykimiz var. Azərbaycan nadir ölkələrdəndir ki, kosmik kluba daxil olubdur. Bu, həm innovasiyadır, həm biznesdir, həm də müasirlikdir. İnnovasiyalara gəldikdə, bu gün dünyada Azərbaycan məhsulu kimi tanınan "ASAN xidmət" brendi vardır. Bunu biz yaratmışıq, bizim daxili intellektual məhsulumuzdur və iradəmizin ifadəsidir. "ASAN xidmət" bu gün bir neçə ölkədə fəaliyyət göstərir və bu sistemi tətbiq edən ölkələrin sayı artmaqdadır. Ölkəmizdə on beş "ASAN xidmət" mərkəzi yaradılıb. Bu ilin sonuna qədər onların sayı 20-yə çatacaq. Bu mərkəzlərə 26 milyondan çox müraciət olunub. Əhali tərəfindən bəyənmə əmsalı təxminən 100 faizdir. "ASAN xidmət"də iki yüzdən çox xidmət göstərilir, tam şəffaf və heç bir pozuntusuz. Bu sahə, bildiyiniz kimi, həmişə böyük narahatlıq doğururdu. Vətəndaşlar haqlı olaraq şikayət edirdilər. İndi isə şikayətlər yoxdur, "ASAN xidmət"in yaradılması və uğurlu fəaliyyəti bizim siyasətimizi əks etdirir".

Prezident deyib ki, Azərbaycanda hər şey şəffaf olmalıdır, hər şey qanun çərçivəsində olmalıdır: "Bu, bir daha onu göstərir ki, vətəndaşlara xidmət bizim siyasətimizin əsas məsələlərindən biridir".