Xüsusi təhlükəli xəstəliklərə görə ölkədəki epizootik vəziyyət açıqlandı (FOTO)


Digərləri 29 Yan 2019 13:19:16 212 0

Xüsusi təhlükəli xəstəliklərə görə ölkədəki epizootik vəziyyət açıqlandı (FOTO)

Ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bakı. Ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) heyvandarlıq təsərrüfatlarında iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır. DBX-dən Trend-ə verilən məlumata görə, Saatlı rayonunda bu tədbirlərə 2019-cu ilin ilk günlərindən başlanılıb. Artıq 44 kəndi, 1 şəhəri əhatə edən Saatlı rayonunda 46 500 baş iribuynuzlu, 1293 baş təkdırnaqlı heyvanlar arasında qarayara əleyhinə profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılıb. Dövlət Baytarlıq Xidmətinin Saatlı Rayon Baytarlıq İdarəsinə verilən peyvənd vasitələri “soyuq zəncir” rejimi gözlənilməklə 12 sahə baytarlıq məntəqələrinə termocamadanlarla çatdırılıb və heyvanlara tətbiq edilir. Bununla yanaşı, 490 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi üçün qan nümunələri götürülüb. Həmçinin 342 ev itində quduzluğa qarşı profilaktik peyvəndləmə tədbirləri aparılıb. Tədbirlər yekunlaşdıqdan sonra 1800 kvadratmetr ərazidə profilaktik dezinfeksiya işləri həyata keçirilib. İribuynuzlu heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur. Digər peyvənd və diaqnostik təbirlər isə epizootik tədbirlər planına uyğun davam etdirilir. Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri vətəndaşlar arasında maariflənmə işləri aparır, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və qaydalara ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verir. Qeyd edək ki, Saatlı Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2018-ci il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin qarşısını almaq məqsədi ilə 14 040 baş iribuynuzlu və 2428 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də ötən il 63 693 baş iribuynuzlu, 114 345 baş xırdabuynuzlu, 1847 baş təkdırnaqlı heyvanlarda qarayara və 2956 baş qapı itlərində quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Həmçinin başa vurduğumuz il ərzində rayonda 12 971 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri icra olunub.