Səhiyyə Nazirliyindən AÇIQLAMA: "Qızılca peyvənd olmayan insanlar arasında qeydə alınır"


Digərləri 29 Yan 2019 10:50:00 306 0

Səhiyyə Nazirliyindən AÇIQLAMA: "Qızılca peyvənd olmayan insanlar arasında qeydə alınır"

Azərbaycanda qızılcaya yoluxma halları ötən ilin dekabrın ortalarından qeydə alınmağa başlayıb.

Son.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, xəstəliyə yoluxma, əsasən, böyüklər arasında qeydə alınır:

"Yoluxma hallarının 90 faizi böyüklər arasında olur. Azərbaycanda qızılca peyvəndi olmayan insanlar arasında da qeydə alınır. Bu insanlar uşaq yaşlarında və 2006-cı ildə ölkədə aparılan kampaniya zamanı müxtəlif səbəblərdən peyvənddən kənarda qalıblar".

A.Əliyeva qeyd edib ki, Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanların sayının həddindən artıq olmasını nəzərə alaraq, mart ayında ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə vaksinin gətirilməsi nəzərdə tutulur: "Ölkəyə vaksinlər gətirildikdən sonra yaşlı əhalinin də peyvənd edilməsi üçün elan veriləcək".