"Nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılmasaydı, hazırda müsbət tendensiyanı görə bilməzdik" FOTO


Digərləri 29 Yan 2019 09:36:00 268 0

"Nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılmasaydı, hazırda müsbət tendensiyanı görə bilməzdik"  FOTO

Son.az Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun report-a müsahibəsini təqdim edir:

- Bir ildən artıqdır ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrisiniz. Sizin sədrliyinizdən sonra Kollegiyada nələr dəyişib?

- Vəkillər Kollegiyası bu müddət ərzində şəffaf, ictimaiyyətə açıq qurum kimi fəaliyyət göstərib. Biz ölkə mediası ilə sıx əməkdaşlıq edirik. Bir il ərzində olan yeniliklər anındaca ictimaiyyətə açıqlanıb. Bilirsiniz ki, Vəkillər Kollegiyasının saytı da aktiv fəaliyyət göstərilir. Çalışmışıq ki, tədbirlərimizdə KİV nümayəndələri iştiak etsinlər. Vəkillər Kollegiyası ictimai əhəmiyyəti olan qurum kimi qətiyyən qapalı ola bilməz. Haşiyədən kənara çıxaraq qeyd etmək istədim ki, Kollegiyanın ictimaiyyətə açıqlığı məsələsinə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı məlum 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamında ayrıca vurğulanıb. Belə ki, Sərəncamda Kollegiyanın fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tədbirlərin görülməsi Kollegiyaya tövsiyə olunub. Bu mənada, formalaşan yeni Rəyasət Heyəti bu prinsipi qarşısına məqsəd qoyub. Hazırda Vəkillər Kollegiyası istənilən media qurumuna açıqdır.

Ötən dövr ərzində vəkilliyin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişik. Qarşımıza qoyduğumuz əsas məqsəd odur ki, ölkədə vəkilliyin nüfuzu artsın. Amma etiraf etmək lazımdır ki, buna nail olmaq yalnız Vəkillər Kollegiyasının fəaliyyəti ilə mümkün deyil. Nüfuzun artırılmasına həm də dövlətin mövqeyi və münasibəti təsir göstərir.

Prezident İlham Əliyevin bayaq adını çəkdiyim 2018-ci ilin 22 fevral tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı qeyd olunanlar baxımından uğurlu nümunədir. Bu Sərəncam vəkilliyin inkişafına təkan verib. Sərəncamın preambulasında güclu və nüfuzlu vəkillik institutu ilə bağlı proqram xarakterli fikir və müddəa inkişaf edən vəkilliyin əsas devizinə çevrilib. Sərəncamda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyətinin olması xüsusi vurğulanıb.

Bu, dövlətin vəkilliyə münasibətinin təzahürü olmaqla dövlət başçısının vəkilliyə olan diqqətini göstərir. Sərəncamın icrasından sonra vəkilliyin inkişafında böyük dönüş yarandı. Dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləği 2 manat idi. Sərəncamla isə bu məbləğ 3 dəfə artırıldı.

Əminliklə deyə bilərik ki, MDB məkanında dövlət hesabına göstərilən hüquqi yardıma görə ən çox Azərbaycanda ödəniş edilir. Bu, hətta Rusiyadakından da çoxdur. Sərəncamın imzalanmasından sonra regional qurumların yaradılmasına başladıq. Tez-tez səsləndirilir ki, regionlarda vəkillərin sayı azdır. Doğrudan da belədir, regionlarda vəkillərin sayı çox azdır. Bakıda 1000-dən çox vəkil var. Bu, təxminən Avropa standartlarına uyğundur. Amma regionlarda vəziyyət belə deyil. Biz vəkilləri regionlara məcburi göndərə bilmərik. Belə bir səlahiyyətimiz də yoxdur. Onlar könüllü getməlidirlər. Problemi aradan qaldırmaq üçün stimullaşdırıcı tədbirlər həyata keçirilir. Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Vəkillər Kollegiyası arasında əldə olunmuş razılığa əsasən, "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində, habelə səyyar formada hüquqi yardım göstərilməsi ilə bağlı Agentliklə Anlaşma Memorandumu imzalanıb. Bu proses davam etməkdədir. Bununla da qismən də olsa problem aradan qalxmış olacaq. Biz bəzi hallarda regionlarda çalışan vəkilləri yaşayış yeri ilə də təmin edirik. Biz çalışırıq ki, onlar regionlarda çalışsınlar.

Vəkillərin regionlarda fəaliyyəti üçün normal şərait olmalıdır, konfedensiallıq təmin edilməlidir, yəni vəkilin müştərisi ilə görüşməsi üçün imkanlar yaradılmaldır. Bir sözlə, regionlarda vəkilliyin müstəqilliyini təmin edən binalar olmalıdır. Bu istiqamətdə işlər davam etdirilir. Artıq Şəki, Şirvan, Sumqayıtda bu işlər tamamlanıb. Nazirlər Kabineti tərəfindən regionlarda vəkillərin fəaliyyət göstərmələri üçün binalar istifadəyə verilir. Burada söhbət əvəzsiz və müddətsiz istifadədən gedir. Bu, vəkillərin müstəqil fəaliyyəti üçün zəruri şərtlərdən biridir. Təbii ki, maddi-texniki baza çox böyük məna kəsb edir, amma həlledici əhəmiyyətə malik deyil. Əsas məsələ vəkillərin sayının artırılmasıdır. Ümid edirəm ki, regionlarda ildən-ilə vəkillərin sayı artacaq. 2018-ci ildə vəkilliyə qəbul olunmaq istəyənlər üçün iki dəfə imtahan keçirilib. İndiyədək qısa müddət ərzində imtahanlar bu cür intensiv şəkildə keçirilməmişdi. Bilirsiz ki, əvvəllər vəkilliyə qəbul olmaq üçün imtahan bir neçə ildən bir keçirilirdi. Təsəvvür edin ki, 2004-cü ildə ölkədə 300-dən bir az çox vəkil olduğu halda 2004-2017-ci illər ərzində vəkillərin sayı təxminən 600 nəfər artıraq 900-dən bir az çox olub. Yəni söhbət 13 il ərzində təqribi 600-dən bir qədər çox artımdan gedir. Biz isə bir il ərzində 600-dən çox vəkil qəbul etmişik. Bu çox ciddi rəqəm, göstəricidir.

Ölkədə vəkil qurumlarının sayı iki dəfədən çox artıb və bu proses davam edir. Regionlarda isə 11 qurum yaradılıb. Tam əminliklə deyə bilərəm ki, ölkədə beynəlxalq standartlara cavab verən vəkil qurumları var. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkillik fəaliyyətini tənzimləyən məsələlərə münasibət bildirilib. Məsələn, vəkillərin müştərilərlə bağladığı hüquqi yardım göstərilməsinə dair müqavilələrdən tutmuş, ümumiyyətlə, vəkil qurumlarının yaradılması qaydaları ilə bağlı xüsusi təlimatlar hazırlanıb. Bu sənədlərin hazırlanmasında vəkillər bilavasitə iştirak edib və beynəlxalq təcrübə nəzərə alınıb. Bu, çox vacibdir.

Fevral ayının 1-dən etibarən ölkə üzrə order markaları tətbiq ediləcək. Bu işdə biz qardaş Türkiyənin Respublikasının təcrübəsindən yararlanmışıq. Bu, şübhəsiz, vəkilliyin inkişafına yeni töhfə olacaq. Təbii ki, vəkiliyin inkişafı üçün müəyyən maliyyə resursları lazımdır. Hazırda Vəkillər Kollegiyasının fəaliyyəti yalnız üzvlük haqları hesabına ilə maliyyələşir. Nəzərə almaq lazımdır ki, vəkillərin bəziləri üzrlü səbəbələrdən üzvlük haqqı ödəməkdən azad ediliblər. Bilirsiz ki, xəstə, analıq məzuniyyətində olan vəkillər var. Təbii ki, bunlar üzrlü səbəblərdir. Bu məsələlərdə vəkillərin maraqlarından çıxış edirik. Yalnız üzvlük haqları hesabına Vəkillər Kollegiyasının qanunla müəyyən olunmuş çoxşaxəli fəaliyyətini təmin etmək çətindir. Elə bu səbəbdəndir ki, order markalarının tətbiqinə başlayırıq. Markalardan əldə olunan vəsait hesabına regionlarda vəkil qurumlarının yaradılmasına daha çox diqqət ayıracağıq.

- Vəsait necə əldə olunacaq? Bir order markasının qiyməti nə qədərdir?

- Dövlət hesabına hüquqi yardımın göstərilən işlərdə order markası tətbiq olunmur. Ona görə ki, bu hüquqi yardım aztəminatlı şəxslərə göstərilir. Amma hüquqi yardımla bağlı olmayan digər müqavilələrdə isə order markasının olması tələb olunacaq. Bununla bağlı tərəfimizdən müvafiq təlimatlandırma işi də aparılıb. Xaricdən xüsusi order markaları sifariş olunub. Order markaları mərkəzləşdirilmiş qaydada vəkil qurumları və fərdi vəkillərin Rəyasət Heyətində verdikləri sifariş əsasında əldə olunur. Hüquqi xidmət göstərilən şəxs order xərci barədə məlumatlandırılır və marka ilə bağlı məbləğ vəkil qurumunun rəhbəri, vəkil qurumunun hüquqi yardım göstərəcək vəkili və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən hüquqi yardım göstərilməsi haqqında müqavilə məbləğinə əlavə edilir. Bir order markasının qiyməti 10 manatdır. Həmin vəsait Kollegiyanın bank hesabına köçürülür. Toplanan vəsait yeni vəkil qurumlarının yaradılması ilə yanaşı, xəstə, yardıma ehtiyacı olan vəkillərə sərf olunacaq.

İstəyirik ki, istedadlı hüquqşünas gənclər üçün təqaüd təsis edək. Bu da gənclər arasında vəkillik peşəsinə marağın artmasına xidmət edəcək. Biz gənclərə kömək etməyə çalışırıq. Son bir ildə Kollegiyaya qəbul olunmuş 500 vəkilin yaşı 40-dan çox deyil. Əslində, bu, çox ciddi göstəricidir və vəkilliyin cavanlaşması deməkdir. Sovet vaxtı vəkilliyə əsasən təqaüdə çıxanlar üz tuturdu. Bizi narahat edən məsələlərdən biri odur ki, gənc hüquqşünaslar vəkilliyə meyl etmirlər, hüquq-mühafizə orqanlarında çalışmağa üstünlük verirlər. Biz istəyirik ki, onlar vəkilliyə üz tutsunlar. Bu da tam bizdən asılı məsələ deyil.

Çünki qanunvericiliyimizdə müəyyən problemlər, maneələr var - vəkilliyə qəbul üçün hüquq peşəsi üzrə 3 il iş təcrübəsi tələb olunur. Biz bu müddətin 1 ilə endirilməsini təklif etmişik. Ümumiyyətlə, biz bu istiqamətdə təkliflərimizi müvafiq qurumlara göndərmişik. Bu təkliflər nəzərə alınaraq ayrı-ayrılıqda müzakirə olunmalıdır. Təkliflərimiz qəbul edilərsə, qanunvericiliyə dəyişiklik olunarsa, vəkilliyə qəbul üçün sənəd verənlərin sayı artacaq, stimul yaranacaq. Bundan başqa, digər maneə qismində bir məqamı da qeyd etmək lazımdır. Deməli, vəkillik haqqında qanunvericilikdə vəkilliyə qəbul imtahanında uğur qazanmamış namizədin yalnız 1 il gözlədikdən sonra vəkilliyə sənəd verə bilməsi təsbit olunub. Məsələn, tutaq ki, hüquqşünas vəkilliyə qəbul imtahanında kəsilib. Belə olan halda bu namizəd növbəti imtahan üçün niyə 1 il gözləməlidir? Bu məhdudiyyət doğru deyil. Biz istəyirik ki, namizədlər özlərini ildə üç dəfə sınaya bilsinlər. Çünki 1 il ərzində həmin şəxs özünə başqa iş tapa bilər və biz onu "itirə bilərik". Qanun bizə nə qədər mümkündür, Kollegiyaya üzv qəbul etmək imkanı verir. Vəkilin hüquqi xidmətlər bazarında qala bilməsi isə onun öz əlindədir və bunu bazar tənzimləyir. Vəkillərin sayı artırsa, deməli, iş də artır. Ölkədə korrupsiyanın səviyyəsi azaldıqca, hüquqi yardıma zərurət artır. Məsələn, "telefon hüququ" işləmir, kimisə axtarmır, birbaşa vəkilə müraciət edir, hüquqi yardım alır. Vəkilliklə bağlı məsələ qaydaya düşdükdən sonra maneə ilə rastlaşan vətəndaş dayısına, əmisinə, tanışına zəng etmir, kimisə axtarmır. Belə olduğu halda vəkillik də inkişaf edər.

Digər problem isə vəkilin ekspertizadan rəy ala bilməməsidir. Nəyə görə vəkil berlə rəyi ala bilməməlidir? Qanunvericilikdə bu boşluq da aradan qaldırılmalıdır. Yəni onların prossesual hüquqları artırılmalıdır.

- Anar müəllim, nümayəndəlik institunun məhdudlaşdırılması ilə bağlı narazılıqlar var... İddia olunur ki, bu məhdudiyyətdən sonra vətəndaşlar bir sıra məhkəmə çəkişmələrində müdafiəsiz qalır. Bu deyilənlərə münasibətiniz necədir?


Xəbərə aid fotolar