Azərbaycanda 2000ə yaxın yaşayış məntəqəsi daşqın və subasma riski altındadır


Digərləri 29 Yan 2019 08:06:00 284 0

Azərbaycanda 2000ə yaxın yaşayış məntəqəsi daşqın və subasma riski altındadır

Azərbaycanda əhalisi 2 milyon nəfərdən çox olan 2000-ə yaxın yaşayış məntəqəsinin daşqın və subasma riski altında olması müəyyənləşdirilib.

Son.az bildirir ki, bunu Trend-ə tədqiqatı aparmış Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda daşqın və subasma hadisəsi son illərdə ölkə iqtisadiyyatına vurduğu zərərə görə bütün təbii fəlakətləri üstələyib. Ona görə də Azərbaycanda daşqın və subasmanın təsərrüfat sahələrinə və yaşayış məntəqələrinə vurduğu zərərlərdən asılı olaraq rayonlaşdırılması aparılıb.

N.Paşayev əlavə edib ki, Göyçay bölgəsi istisna olmaqla, bütövlükdə Aran iqtisadi rayonunun ərazisi daşqın və subasmanın daha çox ziyan vurduğu rayona daxildir: "Bu rayonda əhalisi 1500 min nəfərdən çox olan 700-dən artıq yaşayış məntəqəsi daim daşqın və subasma təhlükəsi altınaddır. Son 20 ildə bu rayonda 2003,2006 və 2010-cu illərdə baş verən daşqın və subasmalar daha geniş əraziləri əhatə edib və respublika iqtisadiyyatına 1 milyard manatdan çox ziyan dəyib. Daşqın və subasmalar nəticəsində bu rayonun iqtisadiyyatına orta hesabla hər il 30-50 milyon manat həcmində ziyan dəyir".