Azərbaycan Prezidenti: "İqtisadi inkişafa ona görə nail olmaq istəyirik ki, sosial məsələləri daha genişmiqyaslı həll edək, vətəndaşlarımız daha da yaxşı yaşasın"


Siyasət 28 Yan 2019 22:26:00 253 0

Azərbaycan Prezidenti: "İqtisadi inkişafa ona görə nail olmaq istəyirik ki, sosial məsələləri daha genişmiqyaslı həll edək, vətəndaşlarımız daha da yaxşı yaşasın"

İqtisadi inkişafa ona görə nail olmaq istəyirik ki, sosial məsələləri daha genişmiqyaslı həll edək, vətəndaşlarımız daha da yaxşı yaşasın.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Prezident Sarayında şəhid ailələri ilə görüşündə çıxışı zamanı deyib.

Prezident vurğulayıb ki, ölkəmizin hərbi potensialının möhkəmlənməsi üçün çox böyük vəsait tələb olunur: "Biz indi ordumuzu ən müasir silahlarla təchiz edirik. Nəyə görə? Çünki biz müharibə şəraitindəyik. Ona görə ki, bizim torpaqlarımız işğal altındadır. Bu məqsədlər üçün də böyük vəsait ayrılır. Ötən il Bakıda iki hərbi parad keçirilmişdir. Bu paradlar bizim çox güclü hərbi potensialımızı göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır. Biz ölkə qarşısında duran problemləri hərtərəfli həll etməyə çalışırıq. Sosial məsələlərin həlli prioritetdir. Ancaq bu məsələlərin həllinə nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Ona görə iqtisadi inkişaf bundan sonra da elə olmalıdır ki, sosial layihələri icra etməyə imkan versin.

Bilirsiniz, biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının öz qanunları var. Bəzi hallarda bazar iqtisadiyyatı sosial siyasətlə o qədər də uzlaşmır. Hesab edirəm ki, ölkəmizin uğurlu inkişaf modeli bu iki önəmli amilin hər iki istiqamətini özündə ehtiva edir. Çünki biz iqtisadi inkişafa ona görə nail olmaq istəyirik ki, sosial məsələləri daha genişmiqyaslı həll edək və vətəndaşlarımız daha da yaxşı yaşasınlar. Ağır vəziyyətdə yaşayan vətəndaşlara biz imkan daxilində kömək göstəririk. Biz evini, eşiyini, torpağını itirmiş vətəndaşlar üçün şəhərciklər salırıq, evlər tikirik, onlara mənzillər veririk. Bu gün hələ də öz maddi imkanlarını lazımi səviyyədə təmin edə bilməyən vətəndaşlara dövlət tərəfindən ünvanlı sosial yardım göstərilir".

Dövlət başçısı deyib ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, ünvanlı sosial yardım proqramı çox geniş miqyas alıb: "Biz indi hələ ki, işlə özünü təmin edə bilməyən vətəndaşlar üçün yeni imkanlar axtarırıq, tapırıq, özünüməşğulluq proqramı artıq geniş vüsət alacaqdır. Təkcə bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Nəyə görə? Çünki imkanı olmayan ailələr dövlət tərəfindən xüsusi vasitələrlə təmin olunsunlar ki, onlar özləri üçün kiçik biznes qura bilsinlər. Bütün bu işləri görmək üçün əlbəttə ki, ölkəmizdə bugünkü siyasət davam etdirilməlidir. Bu siyasət yeganə düzgün siyasətdir. Məhz bu siyasət nəticəsində Azərbaycan dünya miqyasında müstəqil ölkə kimi özünü göstərə bilib".