Prezident İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə diplomatik müstəvidə maksimum nəticəyə nail ola bilib"


Siyasət 28 Yan 2019 22:11:00 256 0

Prezident İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə diplomatik müstəvidə maksimum nəticəyə nail ola bilib"

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə diplomatik müstəvidə maksimum nəticəyə nail ola bilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Prezident Sarayında şəhid ailələri ilə görüşündə çıxışı zamanı deyib.

Prezident bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir:

"Diplomatik müstəvidə biz maksimum nəticəyə nail ola bilmişik. Bu gün bütün dünya bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bildirir. Çoxsaylı qətnamələr, qərarlar, ikitərəfli formatda imzalanmış müqavilələr, bəyannamələr ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları - BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. Yəni, biz bütün vasitələrdən istifadə edirik ki, məsələni həll edək, torpaqlarımızı işğalçılardan azad edək.

Onu da bilməliyik ki, bu gün dünyada güc amili ön plana çıxıb. Biz ordu quruculuğu istiqamətində bu günə qədər böyük işlər görmüşük. Qeyd etdiyim kimi, döyüş meydanlarında da öz gücümüzü göstərmişik. Bütün dünyaya göstərmişik ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla heç vaxt barışmayacaq".