DİM: Adımızdan istifadə edən bəzi qruplar fəallaşıblar


Digərləri 28 Yan 2019 13:09:00 230 0

DİM: Adımızdan istifadə edən bəzi qruplar fəallaşıblar

Dövlət İmtahan Mərkəzi (DİM) intellektual mülkiyyətindən qanunsuz istifadə edilməsi barədə açıqlama yayıb. 

Mərkəzdən Son.az-a verilən məlumata görə, son vaxtlar sosial şəbəkələrdə DİM-in adından və cəmiyyət içərisində olan nüfuzundan öz şəxsi maraqları üçün istifadə edən bəzi qruplar daha da fəallaşıblar. 

Onlar imtahana hazırlaşan abituriyentlərə və bakalavrlara elmi metodik kömək göstərmək məqsədilə DİM əməkdaşları və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif vəsaitlərdə, habelə DİM-in internet saytında yerləşdirilmiş nümunəvi yoxlama-ölçmə materiallarından Mərkəzin rəsmi razılığı olmadan, şəxsi qazanc məqsədi ilə istifadə edir, bununla müəllif hüquqları və intellektual mülkiyyət haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla yanaşı, bəzən də müxtəlif yollarla yaydıqları təhrif olunmuş materiallarla imtahana hazırlaşan şəxsləri çaşdırırlar.

Məsələn, Facebook sosial şəbəkəsində fəaliyyət göstərən "İngilis dili müəllimləri üçün imtahana hazırlıq" adlı qapalı qrup DİM-in ingilis dili üzrə hazırlayıb internet saytında yerləşdirdiyi və kurikulum əsasında hazırlayıb çap etdiyi siniflər üzrə vəsaitdə verilmiş dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulmuş audioyazıları, hətta onların mətn versiyasını və onlar əsasında test tapşırıqlarını müəyyən ödəniş müqabilində (7 - 10 manata) qrup üzvlərinə satırlar.

"Facebook"da fəaliyyət göstərən "Salamzade's English" adlı digər bir açıq qrupda isə Android platformalı telefonlar üçün "apk" formatlı mobil proqram yerləşdirilib, proqramda DİM-in intellektual mülkiyyəti olan materiallardan, o cümlədən DİM-in internet saytında pulsuz olaraq yerləşdirilmiş audioyazılardan DİM-in razılığı olmadan istifadə edilib.