10 milyon dollara görə "Azərbaycanda demokratiya" didişməsi TƏFƏRRÜAT


Siyasət 28 Yan 2019 12:14:00 206 0

10 milyon dollara görə "Azərbaycanda demokratiya" didişməsi   TƏFƏRRÜAT

Avropa Birliyinin müxtəlif ölkələrində və ABŞ-da məskunlaşan, özlərini "siyasi-ictimai fəal" və ya "müstəqil bloqer" adlandıran, əsasən YouTube və Facebook vasitəsilə Azərbaycan vətəndaşlarına ünvanlanmış çağırışlar edən şəxslərin sayı az deyil. Onlar sanki retrovirus sporları kimi artır, sosial şəbəkələrdə fəaliyyətlərini genişləndirməyə çalışırlar.

İstisnasız olaraq hamısı "Azərbaycanda demokratiya, insan haqları və vətəndaş cəmiyyəti" uğrunda mübarizə apardıqlarını, bu işdə maddi məsələləri əsla düşünmədiklərini, məqsədlərinin sadəcə, "Azərbaycan insanının mənafeyini qorumaq (!) və "hakimiyyətə qarşı mübarizə" olduqlarını söyləyirlər.

Orduxan Bağırov, Vidadi İsgəndərli, Nahid Cəfərov, Arif Məmmədov, Emin Hüseynov, Məhəmməd Mirzəli, Qurban Məmmədov, Tural Sadıqlı, Səid Nuri, Natiq Ədilov və sair və ilaxır... Onlardan savayı, ən müxtəlif adlı "TV"lər, "kanal"lar və "qrup"lar da var.

Doğrudanmı bu insanlar müstəqil fəaliyyət göstərir, yalnız və yalnız siyasi mübarizə ilə məşğul olur, demokratiya ilə insan haqlarına dəstəklə məşğul olurlar?! Gerçəkdənmi onları kimsə maliyyələşdirmir və sadəcə, öz hesablarına fəaliyyət göstərirlər?!

Suallara cavab istəyəndə bu adamlarda qıcıq yaranır, həmin şəxslərin Facebook səhifələrinin və YouTube kanallarının abunəçiləri ilə təqibçiləri arasında vay-şifən qopur, mərəkə başlanır, sual verən söyülür, təhqir edilir, ən yaxşı halda "hakimiyyət trolu" adlandırılır.

Suala isə cavab verilmir.

Halbuki...

Ötən il Almaniya və Fransada olarkən "məşhur müstəqil bloqer"lərdən biri, sosial şəbəkələrdə "TV kanalı" və çoxsaylı səhifələri olan "demokratiya mübariz"lərindən biri ilə təsadüfi görüş alındı.

Həmin şəxs bu sətirlərin müəllifinə söhbət əsnasında buyurdu ki, hər şey maliyyə ilə bağlıdır. "Hakimiyyət mənə maliyyə ayırsın, ofis təşkil etsin, xərclərimi ödəsin - müxalifəti içdən parçalamağa başlayım. Zahirən olduğum kimi qalım, amma bütün göstərişləri yerinə yetirim". "Satılmaz və sarsılmaz əqidəli" olduğunu deyən bu adam aylıq "qonorar"ını 30 min avro məbləğində müəyyənləşdirmişdi.

"Müstəqil bloqer"lər və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinə qarşı mübarizə "aparan"lar arasında o, ekstraordinar davranışlı tək şəxs, ümumi kütlədən fərqlənən adam deyil.

Əsla.

Zahirən soyuqqanlı, sivil və səbrli görünməyə çalışan Sevinc Osmanqızıdan tutmuş, marginallığı və qeyri-adekvatlığı ilə hətta ən aqressiv "bloqer"ləri belə, iyrəndirən Vidadi İsgəndərliyədək "bloqer"lərlə "mübariz"lər sadəcə, pula xidmət edirlər.

Onları nə Azərbaycan maraqlandırır, nə Azərbaycanın problemləri, nə də Azərbaycanın insanları. Yalnız pul.

Bunu biz yox, elə onlar deyir və etiraf edirlər.

Məsələn, "Amnesty İnternational", "Reporters Without Borders" və "Human Rights Watch" ilə yanaşı, macar əsilli amerikalı milyarder Corc Sorosun çoxsaylı strukturları var.

Avropa Birliyi ölkələrində sığınacaq alan və ya almağa çalışaraq Azərbaycana qarşı hədyan, yalan kampaniyasının kiçik, amma tərkib hissəsinə çevrilmiş "müstəqil bloqer"lərin maliyyələşdirilməsində Corc Sorosun strukturları çox fəal rol oynayırlar.

Azərbaycanlı "mühacir-müxalif bloqerlər" şəbəkəsinin idarə olunmasında və maliyyələşdirilməsində Bolqarıstandan olan iki sabiq nazir - Petr Dimitrov və Miqlena Taçeva aktiv iştirak edirlər.

Sorosun "Açıq Cəmiyyət-Bolqarıstan" Fondu rəsmi Sofiyanın iki qərarına əsasən, fəaliyyətini "xeyli məhdudlaşdıraraq" illik maliyyələşdirmə büdcəsini "vur-tut" 825 min avroya salsa da, yaşananlar sadəcə, zahiri görüntüdür.

Belə ki, fond adını dəyişərək "Fəal Vətəndaşlar Fondu" (Active Citizens Fund, ACF) olub.

ACF-nin donorları isə C.Sorosun Norveç, İslandiya və Lixtenşteyndə rəsmi qeydiyyata alınmış strukturlarıdır ki, onlar da sözügedən təşkilata "ianə büdcəsi" qismində ildə minimum 15,5 milyon avro verməyə başlayıblar.

"Meydan TV"nin maliyyələşdirilməsi prosesində vaxt ötdükcə "əsas oyunçu"lardan birinə çevrilən ACF hazırda Sorosun "(Open Society Foundations"u ilə birlikdə azərbaycanlı, amma Azərbaycana qarşı olan bloqerlərin də fəaliyyətinin nəzarətə götürülməsində ciddi addımlar atır.

Bu işdə Sorosun təşkilatları ABŞ-ın USAİD strukturu ilə birlikdə fəaliyyət göstərirlər.

Fəqət, son vaxtlarda maliyyələşmədə "fərqli" addımlar atılır ki, "müstəqil bloqer"lərin konkret olaraq kimin cibində oturmalarını müəyyənləşdirmək çətin olsun.

Məsələn, bu ilin əvvəlindən etibarən "müstəqil bloqer"lərə maliyyə ayrılmasına Sorosun Slovakiya və Fransadakı "Açıq Cəmiyyət" fondları da qoşulublar.

İlkin məlumatlara görə, Avropa Birliyi ölkələrinə sığınan və hər gün, əksər hallarda isə gündə bir neçə dəfə sosial şəbəkələrdə, əsasən də YouTube-da və Facebook-da Azərbaycana qarşı aşkar, aqressiv təbliğatla məşğul olaraq ölkədə vətəndaş qarşıdurmasına və kütləvi etiraz aksiyalarına çağırışlarla məşğul olan şəxslər və strukturlara son 11 ayda 3,97 milyon dollar, yəni təqribən 4 milyon dollar sərf olunub.

...Gənc bloqer Mehman Hüseynov "süd məhsulları aclığı"na başlayan kimi onu böyuk qardaşı Emin Hüseynov aktiv "müdafiə" fəaliyyətinə başlamışdı.

ABŞ-dakı jurnalist, Azərbaycan parlamentinin sabiq spikeri Rəsul Quliyevlə çox sıx əlaqələri olan Sevinc Osmanqızı da aksiyaya qoşuldu.

Onların Vaşinqtonda, "Milli Mətbuat Klubu"nda (National Press Club, NPC) Mehman Hüseynovla bağlı mətbuat konfransı keçirəndə təsadüfi deyildi ki, tədbirin moderatoru "Amnetsy İnternational"ın Qafqaz üzrə koordinatoru, iştirakçılarından biri isə həm "Amnesty İnternational"ın eksperti, həm də Dövlət Departamentinin "qeyri-rəsmi" əməkdaşı idi.

Eyni zamanda ABŞ-ın "Demokratiya Uğrunda Milli Hərəkat" (National Endowment for Democracy, NED) də Azərbaycana qarşı illərdən bəri apardığı fəaliyyətini aktivləşdirib. NED indi "bloqer"lərə pul ayırıb onların söyüş ritorikasını və isterik çıxışlarını "güc"ləndirməklə məşğuldur.

Emin Hüseynovun fəaliyyətinin maliyyə qaynaqlarını arasaq, ən müxtəlif fondlar, təşkilatlar, strukturlar və şəxsləri görə bilərik. Bu, əsla yenilik deyil və maliyyə uğrunda E.Hüseynovla digər "demokratiya mücahid"ləri, o cümlədən Azərbaycandakı "araşdırma jurnalistikasının anası" Xədicə İsmayılova arasında didişmələrin, sosial şəbəkələrə sıçrayan qovğaların daimi səbəbidir.

Yeni olansa həmin qovğalara Vidadi İsgəndərli kimi qeyri-adekvatlardan tutmuş, Məhəmməd Mirzəli və Tural Sadıqlı kimi lümpenlərin qatılmasıdır.

Belə ki, M.Mirzəlinin dediyinə görə, Azərbaycanda "inqilaba və kütləvi nümayişlərə çağırışlar edib, demokratiya carçısı olduğunu deyən, əslindəsə fırıldaqçı olan" Tural Sadıqlı sosial şəbəkələrdəki fəaliyyətinə, o cümlədən "Azad Söz" YouTube kanalına görə "qrant" qismində 80 min avro alıb.

"Məndən istifadə etdi, mənə pul verəcəyini dedi, amma cəmi 100 avro yolladı" deyən Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasındakı pul davası biabırçı təhqirlər və ittihamlarla sonuclanıb. Tərəflər bir-birlərini satqınlıqda, yalançılıqda və s. əməllərdə suçlayıblar.

Məhəmməd Mirzəlinin siyasəti degeneratlıq səviyyəsinə endirdiyi "Made in Azerbaijan" YouTube kanalında isə yeni "qrant dilənçiliyi" formalaşmaqdadır.

Bu arada Londona sığınan və virtual "Azərbaycan Xalq Hərəkatı" quran sabiq vəkil Qurban Məmmədovla digər "bloqer"lər arasında savaş qızışıb.

"Onlar deyirlər ki, bazarlarına girməyim. Buna görə məndən YouTube-a şikayətlənir, maneələr yaratmaq istəyirlər. Sakitləşin - pullarınızda, aldığınız o haram "qrant"larda gözüm yoxdur", - Qurban Məmmədov belə deyib.

Sabiq vəkili "cin atına mindirən" məqam isə aralarında Sevinc Osmanqızının da yer aldığı bir dəstə "mücahid"in şikayəti əsasında Q.Məmmədovun YouTube-da canlı yayımlarının yasaqlanmasıdır.

Sən demə, o, "bloqer"lərin "bazarına girib".

ABŞ-da yaşayan və Azərbaycana olan münasibəti ilə yaxşı tanınan Səid Nuri də kənarda qalmayıb. Onun iddialarına görə, Avropa Birliyi ölkələrindəki "bloqer"lərə "qrant"lar qismində 6 milyon dollar ayrılıb.

"O pulların kimlərə nə üçün verildiyini yaxşı bilirəm" deyən Səid Nuri həmin "bloqer"ləri o qədər "sevir" ki, ölkəmizin Niderland Krallığındakı səfirliyinin sabiq 3-cü katibi, indisə özünü "Oyan" Hərəkatının lideri" kimi təqdim edən marginal Nahid Cəfərovun adının onunla səhv salınmasını belə, özünə təhqir sayır.

Azərbaycanda zorakı hakimiyyət dəyişikliyinə, yəni çevrilişə can atan fondlar və təşkilatların verdikləri "qrant" adlı sədəqələrlə yanaşı, "bloqer"lərə Avropa Birliyi ölkələrində yaşayan sabiq məmurlar və iş adamları da yardım edirlər.

ABŞ-da isə "baş ianəçi" Rəsul Quliyevdir: məhz o, hazırda YouTube-da Azərbaycana qarşı yalan, şər və söyüş "maşın"larına çevrilmiş 11 (!) kanalın maliyyələşdirilməsində xüsusi canfəşanlıq göstərir.

...Milyonlarla dolların dövr etdiyi "söyüş və yalan biznesi"nə qatılanların qazancları nəzərə alınarsa, onların arasındakı didişmələr və düşmənçilik daha da güclənəcək.

Bu adamlar sakitləşən də deyillər. Çünki sakitlik, yaxud həqiqəti demək onlar üçün işsizlik və aclıqdır.

Elçin Alıoğlu Son.az