Vətəndaşlar kirayədə qaldığı mənzilin sahibi ola biləcəklər


Digərləri 28 Yan 2019 10:34:00 210 0

Vətəndaşlar kirayədə qaldığı mənzilin sahibi ola biləcəklər

"Ölkə Prezidenti "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını" təsdiq edib. Bu, ölkəmizdə sosial kirayə fondunun yaradılması deməkdir. Yəni, ölkə vətəndaşları ipoteka kreditləri ilə yanaşı, evləri kirayə götürmək hüququna malik olacaqlar. Yeni mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib də ola biləcəklər. Mənzili kirayələyən vətəndaşmızın aylıq ödənişləri evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o, daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib ola və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər".

Son.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspert formalaşmaqda olan kirayə mənzil fondu ilə bağlı bir sıra vacib məqamları da açıqlayıb. Onun sözlərinə görə, İpoteka və Kredit Zəmanət Fondunun tabeçiliyində olan mənzillər kirayəyə veriləcək: "Vətəndaşlarımız Fondun təklif etdiyi şərtlərlə mənzili kirayəyə götürmək imkanı qazanacaqlar. Bu zaman mənzillərin aylıq kirayə haqları Fondun ev üçün çəkdiyi xərclərə əsasən müəyyənləşəcək".

İqtisadçı qeyd edib ki, nizamnamə kapitalı 466 milyon manat olan Fond kirayə təklif etmək üçün vəsaiti fondun kapitalı və emissiya etdiyi istiqrazlardan daxil olmaların hesabına əldə edəcək, evlər alınacaq.

Azərbaycanda yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi yaradılır V.Bayramov kimlərin kirayə mənzilə sahib ola biləcəyinə belə aydınlıq gətirib: "Mənzilə sahib olanların Azərbaycan vətəndaşı olması şərtdir. Kirayə mənzil üçün müraciət edənin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır. Mənzillərə sahib olmaq üçün mövcud sənəd başqa şərtlər müəyyənləşdirməyib. Bu o deməkdir ki, ödəmə qabiliyyəti olan və borc öhdəliyi olmayan istənilən vətəndaşımız kirayə mənzillərə sahib olmaq üçün müraciət edə bilər".

Mərkəzin rəhbəri əlavə edib ki, qaydalara əsasən, yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən etməlidir. Kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir. Kirayəçi müqavilə bağlandıqdan ən azı 3 il müddətdən sonra mənzilə sahib olmaq hüqquna malikdir. 3 ildən sonra isə növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər. Kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlanıldıqdan sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən ödənilməlidir.

Ekspert qeyd edib ki, kirayəçiyə mənzili rəsmi olaraq başqa şəxsə ötürə bilmək hüququ da verilir: "Fondun yazılı razılığı ilə kirayəçi kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər. Sadəcə kirayəçi bunu kirayə müqaviləsi bağlanan gündən 3 ildən sonra edə bilər. Məsələn, kirayə müqaviləsi bağlanandan 3 il sonra kirayəçi ödəniş etməkdə çətinlik çəkirsə və ya evlə bağlı planları dəyişirsə, o zaman Fondun razılığı ilə müqaviləni başqasının adına keçirə bilər. Mənzilə mülkiyyət hüququ kirayəyəverəndən başqa şəxsə keçdikdə, kirayənin qüvvədə qalması baş verir. Bu hal kirayə müqaviləsində də qeyd olunacaq.

Kirayəçi vəfat etdikdə isə, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin kirayəçinin vərəsələrinə keçir".

İqtisadçı, kirayə müqavilələri ilə bağlı bəzi digər məsələri də qeyd edib: "Kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi mümkündürmü? Kirayəçi aylıq ödənişi 60 gün müddətində ödəmədikdə isə Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququna malikdir.