"Bu gün artıq virtual xəyanət..."


Digərləri 27 Yan 2019 22:55:00 257 0

"Bu gün artıq virtual xəyanət..."

"Real həyatda bəzən 5-6 aya aradan götürülə bilməyən pərdə, sosial şəbəkədə iki-üç saata və ya bir-iki danışıqdan sonra aradan qalxır..." 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

ABŞ-ın Texas ştatının məşhur Baylor Universitetinin alimləri hələ bir neçə il bundan əvvəl smartfonları ailələri dağıdan "yenilik" kimi qiymətləndirəndə, araşdırmaları cəmiyyətdə təəccüblə qarşılandı. Baxmayaraq ki, aparılan sorğularda respondentlərin 70 faizi problemin artıq cəmiyyətdə mövcudluğunu təsdiqləmişdi. "Başlanğıcda insanların komfortu, ünsiyyət vasitəsi kimi yaranan mobil telefonlar sonradan dağıdıcı funksiyası ilə də məşhurlaşdı. Texnoloji yeniliklər özü ilə fəlakətlər də gətirir" - deyə alimlər qeyd edirdilər. İndi isə alimlər baş sındıraraq bu faydalı alətlərin "zərəri"ndən qaçmağın yollarını düşünürlər.

Elə bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin internetin Azərbaycanda tənha insanların sayının artmasına və boşanmaların çoxalmasına təsir etməsi ilə bağlı narahatlığını da problemin bizim cəmiyyətə sirayət etməsinin təzahürü kimi dəyərləndirmək olar. Belə ki, Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov "internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənir" - deyə qeyd edib. 

Cəmiyyətdə baş verən ailə dramları, xüsusən qadınların zorakılığa məruz qalması faktlarının kökündə çox vaxt əsaslı olub-olmasa da, təsdiqini tapıb-tapmasa da, sosial şəbəkələr vasitəsilə xəyanət məsələsi durur. Məhz əsası olan və olmayan bu şübhələr sonradan qadınlara qarşı zorakılığın artmasına, onların bəzi hallarda rüsvayçılığa məruz qalmasına səbəb olur. Əlbəttə, cinayətə heç kəs haqq qazandırmasa da, texnoloji alətlərdən faydalı istifadənin hamı tərəfdarıdır.

Virtual xəyanət

"Demək olmaz ki, bu qadınların hamısı cahildir. Onların bəziləri hətta oxumuş, iş sahibidirlər. Amma ağıl yoxdur. Ailəni, övladını düşünmədən xəyanətə sürüklənirlər". Sosioloq Əhməd Qəşəmoğlu sosial şəbəkələrin bu gün ailələrin dağılmasında böyük rol oynadığını təəssüflə qeyd edir: "Artıq hüquqda "virtual xəyanət" adlı termin yaranır. Yəni əvvəllər xəyanətdə fiziki olaraq istifadə olunur və ona görə cəzalar verilirdisə, bu gün artıq virtual xəyanət ciddi müzakirə obyekti olub. Hətta təkliflər səslənir ki, bununla bağlı qanunvericilikdə müəyyən maddələr nəzərdə tutulsun".