200 şəhərdə ofisi, 400 min işçisi olan şirkətdə çalışan azərbaycanlı Uğur hekayəsi FOTO


Digərləri 27 Yan 2019 21:54:00 341 1

200 şəhərdə ofisi, 400 min işçisi olan şirkətdə çalışan azərbaycanlı  Uğur hekayəsi  FOTO

Namiq Mustafayev: "Karyera, təcrübə üçün fədakarlıq etmək lazımdır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İlk iş yerində 7 il çalışıb. Həmin müddətdə o qənaətdəymiş ki, əgər işdə istifadə etdiyin texnologiya və verilən əməkhaqqı səni qane edirsə, iş axtarmağın çox da mənası yoxdur. Lakin sonradan bu fikrindən daşınıb. Deyir ki, yeni işlər yeni təcrübə, yeni tanışlıq, yeni kanallar deməkdir. Və o bu təcrübədən çıxış edərək ölkə xaricindən gələn iş təklifini dəyərləndirir. Müsahibimiz iki ilə yaxındır Latviyanın Riqa şəhərində yerləşən məşhur "Accenture" şirkətində proqramçı kimi çalışan azərbaycanlı Namiq Mustafayevdir.

- Namiq bəy, karyeranızla bağlı məlumatda ancaq "Veysəloğlu" Şirkətlər Qrupu yazılıb. İlk iş təcrübəniz də orda olub?

- Bəli, karyeramın başlanğıcı elə o şirkətdə olub. Mütəxəssis kimi işə götürdülər, sonra aparıcı mütəxəssis oldum, ardınca isə proqramlaşdırma komandasına rəhbərliyi mənə həvalə etdilər. 7 ilə yaxın orda çalışdım. Sonra isə Latviyaya - "Accenture" şirkətinə gəldim. Bu bir Amerika şirkətidir. Dünyanın 200 şəhərində ofisi, 350-400 min işçisi var.

- Tələbəlik illərində təcrübə xarakterli də olsa, işləməmisiniz?

- Yox, universiteti bitirib hərbi xidmətə getdim, qayıdandan sonra işə başladım. Mən Qafqaz Universitetində (İndiki Bakı Mühəndislik Universiteti) kompüter mühəndisliyi üzrə təhsil alırdım. Nədənsə, tələbə vaxtı fikrimi daha çox dərslərə yönəltdim, işləməyə çox da maraq göstərmədim.

- Adətən, bu cür adamlar iş mühitinə düşəndə tələbə vaxtı təcrübə yığmadıqları üçün peşmançılıq keçirirlər.

- Universitetin çox güclü olimpiada komandası var idi, 3-4-cü kursda oxuyanda məni ora dəvət etdilər. Getsəydim, çox yaxşı alqoritmik biliklər əldə edərdim. Onun üçün peşmanam. Yaxud Avropa ölkələrindən birində magistr təhsili alsaydım, yaxşı olardı. Çünki bir ölkəyə getmək üçün ən yaxşı üsul təhsildir. Bir də mənim kimi tələb edilən ixtisaslar üzrə iş təklifi aldığın zaman gedə bilirsən. Tələbə vaxtı işləsəydim, çox yaxşı təcrübə qazanmış olardım. Mən hərbi xidmətdən qayıdandan sonra işə başladım. Təcrübəm olmasa da, verilən tapşırıqların öhdəsindən gəlirdim. Amma tələbə vaxtı işləsəydim, 2-3 il qabağa düşmüş olardım. İndi düşünürəm ki, tələbə vaxtı pulsuz olsa belə, gərək işləyərdim. Xüsusilə, İT sahəsində təcrübəni daha tez yığmaq çox kömək olur.

- Tələb edilən ixtisaslar üzrə iş təklifi almaq məsələsinə toxundunuz. Hazırda çalışdığınız şirkət sizə iş təklifini özü etmişdi?

- Bu tip böyük şirkətlərin işçi tapıb cəlb etmək üçün ayrıca işçiləri olur. Onlar daim şirkət üçün işçi axtarırlar. Təbii ki ilk olaraq ölkə daxilində uyğun kadrları cəlb edirlər. Ölkədə kifayət qədər mütəxəssis tapmayanda, artıq xaricdən axtarmağa başlayırlar. Bizim şirkət ölkə daxilindən sonra Rusiya, Ukrayna, Belorus bazarından kadr cəlb edib. Resurs tükənəndən sonra Orta Asiya ölkələrinə keçdilər. Bu şirkət işçiləri birbaşa tapmır, onlar ölkələrdə yerləşən məsləhətçi şirkətlərə necə bir kadr axtardıqları haqqında məlumat verirlər, yerli şirkətlər də tələblərə uyğun o kadrları tapıb onlara təqdim edirlər. Mənə də belə bir şirkət müraciət etmişdi. Düzü, hələ ki xaricdə çalışmaqla bağlı ciddi fikrim yox idi, amma təkliflə maraqlandım, araşdırdım. 3-4 mərhələli prosesi keçdikdən sonra iş təklif etdilər. Texniki müsahibələr, tapşırıqlar, bəzi real kodların üstündə işlədim. Bunları keçəndən sonra artıq dedilər ki, biz səninlə işləyə bilərik. Beləcə başladım və iki ildir ki burda çalışıram.

- Bəs ölkə xaricində çalışmağa getməklə bağlı tərəddüd etdiniz?

- İnsan təbii ki tərəddüd edir. Yeni həyata başlayırsan, hər şey bir növ sıfırlanır, nə olacağını bilmirsən. Ailəlisənsə, məsuliyyətdən dolayı tərəddüdün daha da artır. Amma karyera, təcrübə üçün fədakarlıq etmək lazımdır. Məncə, buna dəyir.

- 7 il bir şirkətdə çalışmısınız. İş yerini tez-tez dəyişən adam deyilsiniz?

- İşdə istifadə etdiyin texnologiya və maddi cəhətdən şirkət səni qane edirsə, iş axtarmağın mənası çox da yoxdur. Bu düşüncədə idim, amma artıq o fikirlərimdən vaz keçmişəm. Çünki yeni işlər yeni təcrübə, yeni tanışlıq, yeni kanallar deməkdir.

- Bir yerdə çox işləməyi komfort zona da adlandırırlar. Yəqin, komfort zonanı sevirsiniz...

- Əslində, insan təbiəti komfort zonaya tam uyğundur. Məndə də, yəqin ki belə olub. Hətta əvvəl çalışdığım yerdə bir müddət işlədikdən sonra gördüm ki, insan bir yerdə işlədikcə öz sistemini qurur və iş rutinləşir. Hər gün eyni işi gördükcə inkişafdan geri qalırsan. Və bizim ixtisasımızla bağlı texnologiyanı yaxından izləmirsənsə, çox geridə qala bilirsən. Komfort zona insanı rahatladır və geri düşməsinə səbəb olur. Bunu hiss edəndən sonra artıq komfort zonadan çıxmağa çalışırdım.

- 7 ildəki vəzifə irəliləyişinizi necə qiymətləndirirsiniz?


Xəbərə aid fotolar