Qocalmaq dəbdə deyil


Digərləri 27 Yan 2019 08:49:00 428 0

Qocalmaq dəbdə deyil

Mütəxəssislər uzun və sağlam yaşamağın xeyli dərəcədə insanların özündən asılı olduğunu deyirlər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Dünyanın hər yerində insanlar qocalmağa qarşı mübarizə metodları seçirlər. Xarici ölkələrdə yaşlı insanlar, təqaüdçülər daha çox səyahətə çıxırlar. Əl-ələ tutub muzeyləri, tarixi məkanları gəzir, günəşli sahillərdə dincəlir, xizəksürmədən, piyada turizmindən və s. zövq alaraq həyatlarını davam etdirirlər. Əlbəttə, qocalığı əngəlləmək üçün dövlətlərin, həmçinin vətəndaş cəmiyyətlərinin həyata keçirdiyi müxtəlif proqramlar da var. Bütün bu tədbirlərlə bərabər, insanların öz ruhlarını gənc saxlamaq istəyi də önəmlidir.  

Cavanlaşan qocalıq yaşı

Əlbəttə, yaşlanmağın qarşısını almaq çətindir. İllər keçdikcə insanın orqanizmi, əsəb sistemi və orqanları cavanlaşmır, əksinə, tədricən qocalır. Hətta zaman gəlir ki, insan işləmək qabiliyyətini itirir. Amma bu o demək deyil ki, həmin müddətdə əl-qolunu yanına sallayıb yaşamaq lazımdır. Xüsusən praktiki tibb və elmin insanın tərəfində olduğu bir vaxtda. Təsadüfi deyil ki, insanlar son yüz il ərzində çox yaşamağa başlayıblar. Alimlər müəyyənləşdiriblər ki, son iki yüzillikdə insanların boyu da 7-8 sm artıb. Hazırda qadınların orta boyu 165-175 sm, kişilərinki 170-180 sm təşkil edir. Tədqiqatçıların proqnozuna görə, bu hələ son hədd deyil. Belə ki, 2000-ci ildən etibarən doğulan nəsillər bəşəriyyət tarixində ən yüksək boylu ola biləcəklər. Bu yaxınlara qədər "təqaüdçü" və "qoca" sözləri arasında bərabərlik işarəsi qoyulurdusa, indi 55 yaş, necə deyərlər, ən cavan təqaüdçü yaşıdır - onlar üçün həyat yenicə başlayır. Ruslar bioloji yaşa münasibətdə optimistdirlər. Onlar hesab edirlər ki, qocalıq 80 yaşdan sonra başlayır. Qocalıq dövrünün 70-79 yaşdan, o cümlədən 40-49 yaşdan başladığını bildirənlər də var. Sonuncular sorğuda iştirak edənlərin yalnız 1 faizini təşkil edirlər. Rusiya Tibb Elmləri Akademiyası insanın bioloji yaşında gözlə görünən dəyişikliklərin olduğunu iddia edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu faktı təsdiqləyib. Təşkilatın təsnifatına görə, müasir insan 25 yaşdan 44 yaşa qədər hələ cavan sayılır. 44-dən 60-a qədər orta yaşın təmsilçisi, 60 yaşdan 75 yaşa qədər yaşlı, 75-dən 90 yaşa qədər isə qoca nəslin nümayəndəsi hesab olunur. 90-nı adlayanlar isə uzunömürlü sayılırlar. ÜST-ün təsnifatına inansaq, qocalıq yaşı əhəmiyyətli dərəcədə cavanlaşıb.

Müxtəlif faktorlardan doğan səbəblər

Cəmiyyətin yaşla bağlı mənzərəsi isə fərqlidir. Ümumilikdə, cəmiyyət səylə qocalmaqdadır. Bu o deməkdir ki, adamlar daha çox xəstəliyə düçar olur, yoxsulluqdan əziyyət çəkir, problemlərin məngənəsində sıxılırlar. Düzdür, təkcə yaşlılar deyil, cavanlar, həmçinin uşaqlar da xəstələnirlər. Bu isə təkcə genetik faktorlardan deyil, həyat tərzindən, məişət şəraitindən, vərdişlərdən, zərərli iş xarakterindən, qidanın keyfiyyətindən, yaxın adamların münasibətindən - bir sözlə, müxtəlif faktorlardan asılıdır. 

Həkimlər qocalığı maddələr mübadiləsinin pozulması, hormon sisteminin zəifləməsi, əzələlərin deqradasiyası, toxumalarda birləşdirici elementlərin strukturunun azalması ilə əlaqələndirirlər. Mütəxəssislər "erkən qocalmaq istəmirsinizsə, erkən yaş xəstəlikləri ilə mübarizə aparmaq lazımdır" - deyə tövsiyə etməkdə davam edirlər. Orqanizmin cavan qalması üçünsə mümkün qədər nasazlıqdan uzaq olmalı, xroniki xəstəliklərlə mübarizə aparmaq, daxili vəziyyətə nəzarəti gücləndirmək lazımdır. Bu həm də gələcəkdə əlillikdən qaçma şansıdır. 


Xəbərə aid fotolar