İlahi sevgidən məhrum israfcıl


Digərləri 26 Yan 2019 23:50:00 455 0

İlahi sevgidən məhrum israfcıl

Qurani-Kərimdə təkid olunan mövzulardan biri də israfdır. "İsraf" sözü müxtəlif ibarələrlə 23 ayədə işlənmişdir və çox geniş məfhum daşıyır. Sadə sözlə desək, israf həddi aşmaq, əndazədən çıxmaq və normadan kənarlaşmaq anlamındadır. Onun kökünə diqqət yetirdikdə, incə və zərif məqamlarla rastlaşırıq. "İsraf" "sürəfə" sözündən alınmış və ərəb dilində ağacqurduna deyilir. İçində qurd olan ağac kənardan nə qədər təravətli və ürəkaçan görünsə də, içi bir o qədər çürük və xarabdır. Zaman keçdikcə, onun fəsadları üzə çıxır və günbəgün onun solğunluğu va təravətinin aradan qalxmasına səbəb olur. Cəmiyyət arasında baş verən israfçılıq da həmin cəmiyyətin solğunluğu və süqutu ilə nəticələnəcəkdir. Beləliklə, hər bir sahədə normadan kənara çıxmaq, həddi aşmaq və cəmiyyətdə fəsadın yayılmasına səbəb olan hər bir iş israf hesab olunur. Amma bu söz insanlar arasında daha çox iqtisadi məsələlərdə işləndiyi üçün onun digər mənaları barədə ya az danışılıb, ya da ümumiyyətlə danışılmayıb. Halbuki müqəddəs Quran ədəbiyyatında israf sözü bir çox sahələri əhatə edir ki, burada onlardan bəzisini şərh etməyi lazım bilirik:

1. İNAM VƏ ƏQİDƏDƏ İSRAF

Son.az maide.az-a istinadən bildirir ki, bəzi ayələrdə şirk, küfr, ilahi peyğəmbərləri danmaq, tövhid inancından sapmaq, ilahi ayələri inkar etmək və digər dini mövzularda həqiqətlə əlaqəsi olmayan iddialar irəli sürmək israf olaraq göstərilir. Quran nöqteyi-nəzərindən varlığa bu cür baxış normadan çıxmaq və həddi aşmaq hesab olunur. Elə bu səbəbdən də, bu xislətə sahib olan insanların müxtəlif ayələrdə məzəmmət olunduğunu müşahidə edirik. Misal üçün, "Qafir" surəsinin 34-cü ayəsində nübüvvəti inkar edənlərin israfcıl olduğu buyurulur:

كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُّرْتَابٌ

".....Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar!"

"Yasin" surəsinin 19-cu ayəsində Allah tərəfindən göndərilən iki peyğəmbər onlarla müxalif olan, onları qətl və işgəncə ilə hədələyən tayfanı israfcıl adlandırır:

بَلْ أَنتُمْ قَوْمٌ مُّسْرِفُونَ

"...Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!"

Qurani-Kərimdə həddini aşaraq allahlıq iddiası edən Firon israfcıl adlandırılır. "Yunus" surəsinin 83-cü ayəsində Fironun etiqadi baxımdan israfcıl olduğu haqda belə buyurulur:

وَإِنَّ فِرْعَوْنَ لَعَالٍ فِي الأَرْضِ وَإِنَّهُ لَمِنَ الْمُسْرِفِينَ

"...Firon o yerdə hakim idi. O, (küfr və azğınlıq etməkdə) həddi aşmışdı."

Şübhəsiz, uyğun ayələrdə işlənən israf sözündə, əsasən, etiqadi azğınlıq nəzərdə tutulur.

2. ƏXLAQİ İSRAFÇILIQ

Günaha aludə və maddiyyata qərq olaraq Allahla əlaqəni kəsən insanın haqq yoldan çıxması danılmaz bir məsələdir. Odur ki, hər bir kəsin Allaha qarşı üsyankarlığı və günaha batmaqla özünə pislik etməsi də israfdır. Günaha qərq olan insan öz nəfsinə zülm etməklə yanaşı, ilahi hədləri aşır və onun sərhədlərini pozur. "Zümər" surəsinin 53-cü ayəsində belə buyurulur:

قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِن رَّحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا....

"(Ya Peyğəmbər! Mənim bəndələrimə) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidinizi üzməyin. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!"

"Yunus" surəsinin 12-ci ayəsində çirkin əməllərinin gözəl olduğunu düşünənlər də israfcıl adlandırılırlar. Həmin ayədə buyurulur:

كَذَلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُواْ يَعْمَلُونَ