Sükut – nəfsin saflaşmasinda ilk addim


Digərləri 26 Yan 2019 22:55:00 415 0

Sükut – nəfsin saflaşmasinda ilk addim

Hər zaman insanlar bir-birilə istər zəruri, istərsə də qeyri-zəruri olaraq ünsiyyət yaradır, fikirlərini bölüşürlər. Məlumdur ki, ünsiyyət prosesi dil vasitəsilə reallaşdığından, insanlar özləri belə bilmədən qeybət, yalan, töhmət və digər bu kimi günahlara mübtəla olurlar. Odur ki, əxlaq ustadları dilin azad buraxılması nəticəsində üz verən təhlükələri nəzərə alıb, danışmağın zəruri olduğu yerləri müstəsna etməklə sükutu böyük və ağır təhlükələrin qarşısını alan amil saymışlar. Peyğəmbəri-Əkrəm (s) və Əhli-beyt imamlarından (ə) nəql olunan bir çox rəvayətlərdə sükutun əhəmiyyəti haqda gözəl məsləhətlər verilir. Məhz bəzi ariflər də nəfsin saflaşdırılmasına elə buradan başlamışlar. Bir də ki, sükut insanı təfəkkürə, mənəviyyata və daxili saflığa sövq edir. Allahın böyük peyğəmbəri Zəkəriyyanın sərgüzəştində oxuyuruq ki, üç gün sükut orucu tutmaqla Allah dərgahında duası qəbul olur. Quranda belə buyurulur:

{قَالَ رَبِّ اجْعَل لِّي آيَةً قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا}

"Zəkəriyya dedi: "Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et!" Allah buyurdu: "Əlamətin odur ki, sağlam ikən üç gün-üç gecə insanlarla danışa bilməzsən." ("Məryəm" surəsi, ayə 10.)

Son.az maide.az-a istinadən bildirir ki, biz başqa bir ayədə də xanım Məryəmə sükut orucu tutmaq göstərişi verildiyinin şahidiyik. Belə ki, buyurulur:

{فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنسِيًّا}

"De: "Mən rəhman Allah üçün oruc (sükut orucu) tutmağı nəzir etmişəm və bu gün heç kimlə danışmayacağam." ("Məryəm" surəsi, ayə 26.)

İslam Peyğəmbəri (ə) də hər dəfə vəhy nazil olmazdan qabaq neçə gün ardıcıl "Hira" dağında sükuta qərq olar və yaradılışın sirləri haqda düşünərdi.

Sükutun faydalarına dair qısa şəkildə aşağıdakıları misal göstərmək olar:

1. Sükut insanı bir çox günahlardan qoruyur. Peyğəmbəri-Əkrəm (s) qısa və mənalı bir cümlədə belə buyurur:

مَنْ صَمَتَ نَجا

"Sükut edən nicat tapar. (Başqa sözlə, qurtuluş susanındır)." ("Biharul-ənvar", c.77, səh.88 və "Məhəccətül-beyza", c.5, səh.192.)

Bunun səbəbi aydındır. Çünki xəta və günahların çoxu dil vasitəsilə baş verir. Necə ki, Peyğəmbəri-Əkrəm (ə) buyurur:

اِنَّ اَكْثَرَ خَطايَا ابْنِ آدَمَ فِي لِسانِهِ

"İnsanın əksər xəta və səhvləri dilindədir." ("Məhəccətül-beyza", c.5, səh.194.)

Başqa bir hədisdə də belə buyurulur:

اُخْزُنْ لِسانَكَ اِلّا مِنَ الْخَيْرِ فَاِنَّكَ بِذالِكَ تَغْلِبُ الشَّيْطانَ