Şeyx ailəsinin 33 yaşlı üzvü hara və necə yoxa çıxıb?


Digərləri 26 Yan 2019 22:05:00 444 0

Şeyx ailəsinin 33 yaşlı üzvü hara və necə yoxa çıxıb?

Səudiyyənin tənqidçisi, "Vaşinqton Post"un köşə yazarı Camal Xaşuqcinin dəhşətli və qəddar qətli Səudiyyə Ərəbistanını və sonradan Körfəz monarxiyalarını hədəfə çevirib. Bu cinayətin nəticələri Səudiyyə Ərəbistanı hüdudlarını aşıb və Səudiyyə Ərəbistanının yaxın müttəfiqi olan Birləşmiş Əmirlikləri də əhatəsinə alıb.

Son.az strateq.az-a istinadən bildirir ki, Dubayın hökmdarı və BƏƏ-nin baş naziri Şeyx Məhəmməd bin Rəşid Ali-Məktum da sayı otuza çatan övladlarından biri - qızı Lətifə Məktumun oğurlanması və ya qətlə yetirilməsi ehtimalı ilə bağlı beynəlxalq təzyiqlər altındadır.

"Human Rights Watch" 2018-ci ildə insan haqlarının pozulmasına dair 10 halın qeyd olunduğu hesabata şahzadə xanımın Birləşmiş Ərəb Əmirliklərindən uğursuz qaçış cəhdini və ölkəyə məcburi şəkildə qaytarılmasını da daxil edib.

Şahzadənin taleyinə aid xəbərlərindən sonra kiberməkanda "Lətifəyə azadlıq", "Dubaylı məhbus", "Dubayın boykotu", "Şahzadə Lətifə" və s. haştaqlarla paylaşımlar olub.

Hesabatlar göstərir ki, BƏƏ şahzadəsi bu ilin mart ayında ABŞ bayrağı ilə üzən, Qoa sahillərindən 50 kilometr uzaqlıqdakı bir gəmidə həyata keçirilmiş gizli əməliyyat nəticəsində həbs olunub və BƏƏ-yə qayıtmaq məcburiyyətində qalıb.

Xəbərlərə əsasən, o, finlandiyalı idman məşqçisinin (Tiina Yauhiaynen - red.) və Amerika vətəndaşlığı olan fransız dostunun (Erve Jober - red.) köməyi ilə qəddar həbs cəzasından qurtulmaq istəyib.

O zamandan bəri Əmirliyin şahzadə xanımı barədə heç bir yeni xəbər dərc olunmayıb və bütün onlayn hesabları silinib. Bu, şahzadənin qətlə yetirilməsi haqqında məlumatların intensivliyinə səbəb olub.

BƏƏ hökuməti bu mövzuda konkret mövqe tutub. Rəsmi açıqlamaya əsasən, şahzadə Lətifə onu kral ailəsinə qarşı sui-qəsddə istifadə etməyə çalışan "amerikalı casus" Erve Joberlə əlbirliyinə görə həbs edilib.

ABŞ bayrağı ilə üzən "Nostromo" gəmisindən oğurlanan gənc şahzadənin taleyi naməlumdur

Digər tərəfdən, Səudiyyə Ərəbistanı və BƏƏ-nin Qətərlə qarşıdurması fonunda Doha əleyhinə koalisiya yaranıb və kiçik ölkə blokada vəziyyətinə salınıb. Buna istinadla şahzadənin Qətər lehinə casusluq etməsi ittihamı ilə həbs olunduğu iddiası var.