Avropada yoxa çıxan 5 minə yaxın qaçqının taleyi necə olub?


Digərləri 26 Yan 2019 21:35:00 404 0

Avropada yoxa çıxan 5 minə yaxın qaçqının taleyi necə olub?

İnsanlar dünyanın müxtəlif yerlərindən müharibədən, aclıqdan, işsizlikdən qaçdıqca qlobal miqrasiya rekord səviyyəyə çatır. 2017-ci ildə dünyada 258 milyon beynəlxalq miqrant olub. BMT bunun əsrin əvvəlindən 49 faiz çox olduğunu bildirir.

Amma bu kütləvi miqrasiyanın itkiləri də az deyil. On minlərlə adam səyahət zamanı ya həlak olurlar, ya da yoxa çıxırlar. Çoxları dənizdə batır, bəziləri səhralarda ölür, ya da insan qaçaqçılarının əlinə keçir. Dünyanın müxtəlif yerlərində isə məzarlıqlarda dəfn olunan kimsəsizlərin sayı az deyil.

"Associated Press" agentliyi 2014-cü ildən bəri azı 56 min 800 miqrantın ya öldüyünü, ya da itkin düşdüyünü hesablayıb. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı indiyədək bir dəfə belə hesablama aparıb, oktyabrın 1-dək 28 min 500-dən çox miqrantın öldüyünü, yaxud itkin düşdüyünü üzə çıxarıb. AP-nin hesablaması isə bundan 2 dəfə çoxdur.

Agentlik digər beynəlxalq qrupların informasiyasını toplayıb, ekspertiza, itkinlər, ölənlərlə bağlı sənədlərini istəyib, miqrantlarla minlərlə müsahibə aparıb.

"AP-nin hesabladığı da azdır. Miqrantların cəsədləri səhra qumluqlarında, dənizin dibində qalır. Ailələr də çox vaxt yaxınlarının itkin düşməsi barədə məlumat vermirlər, çünki onların elədiyi qanunsuzdur, ya da evdən gedəndə konkret haraya yol aldıqlarını söyləməyiblər", - agentlik yazır.