Azərbaycan Prezidentinin şəxsi yardımı ilə bərpa olunmuş Vladiqafqazdakı Muxtarov məscidinin açılışı olub FOTO


Siyasət 26 Yan 2019 20:47:00 275 0

Azərbaycan Prezidentinin şəxsi yardımı ilə bərpa olunmuş Vladiqafqazdakı Muxtarov məscidinin açılışı olub  FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə gəlib.

QMİ-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətini Beslan hava limanında RF Şimali Osetiya - Alaniya Respublikasının rəsmiləri - Parlament sədrinin müavinləri Aslanbek Qutnov və Batraz Bilaonov, baş nazirin müavini Axsarbek Fadzayev, millətlərarası əlaqələr naziri Aslan Tsusiyev, Şimali Osetiya-Alaniyadakı Azərbaycanlılar Konqresinin rəhbərliyi və digər rəsmilər qarşıladı.

Nümayəndə heyəti Azərbaycan Prezidentinin şəxsi yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunmuş Muxtarov məscidinin açılışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak etdi. 1908-ci ildə Azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilmiş, Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən nəfis məscid binası Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin dövlət başçımıza müraciətinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunmuşdur.

Vladiqafqaz Milli Elmi kitabxanasının binasında keçirilən Konfransın əvvəlində Azərbaycan və osetin rəqsləri ifa olundu. Tədbirin keçirildiyi binanın foyesində Murtuza Muxtarovun portreti və tikdirdiyi məscidin iri ölçülü şəkli, Azərbaycan-Şimali Osetiya əlaqələrini əks etdirən fotolar nümayiş etdirilirdi. Tədbirdə giriş sözü ilə çıxış edən Şimali Osetiya-Alaniya müftisi Hacımurat Qatsalov Azərbaycan ilə Şimali Osetiya arasında tarixi dostluq, ənənəvi mənəvi əlaqələr barədə ətraflı məlumat verdi. Müfti H. Qatsalov çıxışını Qafqaz Şeyxülislamı A.Paşazadənin Azərbaycan və Qafqaz xalqları qarşısında tarixi xidmətlərinin geniş təhlili ilə davam etdirdi, onu xalqlarımızın ən yeni tarixində ən taleyüklü zamanlarda davamlı qəhrəmanlıq nümunələri nümayiş etdirmiş dəyərli şəxsiyyət kimi səciyyələndirdi.

Öz çıxışında Şeyxülislam A. Paşazadə bildirdi ki, bu gün Vladiqafqazda memarlıq incisi sayıla biləcək Muxtarov məscidinin minarələri fəxrlə ucalır. Azərbaycan xalqının ləyaqətli oglu Murtuza Muxtarov tərəfindən inşa edilmiş, Azərbaycan-Şimali Osetiya xalqları arasında mənəvi vəhdət rəmzi olan bu məscid uzun əsrlər boyu Azərbaycan və Qafqaz xalqları arasında dostluq və qardaşlığımızı simvolizə edən mənəviyyat abidəsi olaraq qalacaqdır.

QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Vladiqafqazdakı Muxtarov məscidinin bərpası üçün müraciətinə diqqətlə yanaşaraq yardım göstərdiyini və bunun nəticəsinin bu gün gözlərimiz önündə yenidən qurulmuş, öz əvvəlki gözəlliyini özünə qaytarmış nəfis məscid binasında təcəssüm etdiyini fəxarətlə vurğuladı. Ölkəmiz daxilində və ölkə hüdudlarından kənarda dini-mənəvi mədəniyyət abidələrinə qayğı və himayəsini əsirgəməyən dövlət başçımızın qlobal miqyasda multikulturalizm, İslam Həmrəyliyi ideyalarının fəal müdafiəçisi kimi çıxış etdiyini, tarixi, dini-mənəvi, milli mədəni və ümumbəşəri irsə yüksək diqqət nümayiş etdirdiyini xüsusi vurğulayan QMİ sədru bu işlərin ölkəmizdə davamlı olaraq həyata keçirildiyini və Azərbaycan Prezidentinin bu ili Azərbaycanda dahi İslam mütəfəkkiri, Şərqin humanist filosofu İmadəddin Nəsiminin şərəfinə Nəsimi ili elan etdiyini Konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Çoxmillətli və çoxkonfessiyalı Rusiya Federasiyasında ənənəvi dinlər, o cümlədən, İslam dininin ardıcılları üçün bütün lazımi şəraitin yaradıldığını bildirən QMİ sədri Vladiqafqazdakı tədbiri də bu baxımdan gözəl nümunə kimi dəyərləndirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Qafqazda millətlərarası dostluq və dinlərarası anlaşmanın təmini işində Şimali Qafqaz müftilərinin rolunu xüsusi vurguladıqlarını vurğulayan Şeyxülislam A. Paşazadə sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının bu yöndə bundan sonra da səy göstərəcəyini bildirdi.

Vladiqafqazdakı Muxtarov məscidinin ərsəyə gəlmə tarixinə dair nadir arxiv sənədləri Azərbaycan xalqına minnətdarlıq əlaməti olaraq Şeyxülislam A. Paşazadəyə təqdim olundu.

Bundan sonra Azərbaycanlılar Konqresinin fəxri prezidenti Şahin Məmmədov Şeyxülislam A. Paşazadəyə Kongres adından xüsusi təşəkkürnaməsini və xatirə hədiyyəsi olaraq Vladiqafqaz məscidinin yağlı boya ilə işlənmiş tablosunu təqdim etdi. Tədbirdə çıxış edən Vladiqafqaz Tarix və Arxeologiya İnstitutunun direktoru professor Bzarov iştirakçılar üçün nümayiş etdirilən və məscidin tarixçəsi haqqında bəhs edən sənədli filmi şərh etdi. Tədbirdə Şimali Osetiya-Alaniya Respublikasının tanınmış alimləri professor Marzoyev və professor Kanukova məruzələrlə çıxış etdilər. Məruzələrdə Murtuza Muxtarovun şəxsiyyəti, onun xeyriyyəçilik fəaliyyəti, Azərbaycan-Şimali Osetiya dostluğunun möhkəmlənməsində tarixi rolu vurğulandı, Azərbaycan ilə Osetiya arasında dostluq və qardaşlıq əlaqələrinin keçmişi və bugünü barədə ətraflı danışıldı.

Konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Şimali Qafqaz müftiləri, tanınmış elm və din xadimləri iştirak etdilər. Bütün çıxışlarda Azərbaycan-Şimali Osetiya xalqları arasında dostluq qardaşlıq münasibətlərinin bariz nümunəsi olan Muxtarov məscidinin mövcudluğunu və onun böyük ehtiramla bərpa və yenidənqurmasının reallaşması yüksək dəyərləndirildi. Şimali Osetiya Müftisi H. Gatsalov yekun çıxışında Prezident İlham Əliyevə dərin təşəkkürlərini ifadə etdi və Azərbaycanın dövlət başçısının Qafqaz xalqlarına ehtiramlı münasibətindən xeyli məmnun olduqlarını və bunu olduqca yüksək dəyərləndirdiklərini xüsusi vurğuladı. Şimali Qafqaz Müftiləri Koordinasiya Mərkəzinin sədri İsmayıl Berdiyev də öz çıxışında Prezident İlham Əliyevə Qafqaz müftiləri adından minnətdarlığını ifadə etdi.

Daha sonra Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Vyaçeslav Bitarov Şeyxülislam A. Paşazadə başda olmaqla Azərbaycan nümayəndə heyətini qəbul etdi. RF Şimali Osetiya-Alaniya Parlamentinin sədri A.Maçnevin də iştirak etdiyi görüşdə Azərbaycan və Şimali Osetiya arasında tarixi, ənənəvi münasibətlər zəmini üzərində həyatın müxtəlif sahələrində əlaqələrin inkişafından razılıq ifadə olundu. Azərbaycanın xalqına, onun dövlət başçısına dərin ehtiram və qardaş salamlarının çatdırılmasını xahiş edən Şimali Osetiya Respublikasının başçısı V. Bitarov Muxtarov məscidi ilə əlaqədar tədbirin böyük önəm daşıdığını vurğuladı. QMİ sədri Şeyxülislam A. Paşazadənin dini lider olaraq fəaliyyətinin Qafqaz bölgəsi üçün olduqca dəyərli olduğunu vurğulayan V. Bitarov bunun nümunəvi əhəmiyyətinə diqqəti çəkdi.

QMİ sədri səmimi qəbula və yüksək səviyyədə tədbirlərə görə minnətdarlığını respublika rəhbərinə bildirdi və bu istiqamətdə işlərin davamlı olmasının vacibliyinə diqqəti çəkdi. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin qayğısı sayəsində yenidən qurulmuş Muxtarov məscidinin xalqlarımız arasında mənəvi dostluq abidəsi kimi önəmini yüksək qiymətləndirərək, gələcəkdə Vladiqafqazda Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin adını daşıyacaq məktəb binasının ucaldılmasını da arzu etdiyini bildirdi.

QMİ sədri Şimali Osetiyadakı Azərbaycan diasporunun xalqlarımız arasında dostluq və əməkdaşlığın dərinləşməsi işinə verdiyi töhfələri xüsusi vurğuladı və onların fəaliyyətindən məmnun olduğunu bildirdi.

Görüşdə Azərbaycan Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev Azərbaycan-Şimali Osetiya arasında mədəni-mənəvi əlaqələrin inkişaf etdirilməsi zərurətindən, habelə iqtisadi sahədə qarşılıqlı investisiya yatırımlarının genişləndirilməsinin əhəmiyyətindən danışdı.

Səmimi şəraitdə keçən görüşün sonunda qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olundu.

Vladiqafqazdakı görüş və tədbirlərdə Azərbaycan nümayəndə heyəti tərkibində Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Cavanşir Paşazadə, Hikmət Məmmədov, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak etdilər.


Xəbərə aid fotolar