Tramp Federal Təhqiqatlar Bürosunu necə zəiflədir?


Digərləri 26 Yan 2019 19:35:00 235 0

Tramp Federal Təhqiqatlar Bürosunu necə zəiflədir?

Bir aydan artıqdır ki, Birləşmiş Ştatlarda büdcə böhranı davam edir. Bu da təbii olaraq əsas dövlət orqanlarının işinə mənfi təsir göstərir. Zərbə altına düşənlər arasında Federal Təhqiqatlar Bürosunun (FTB) xəfiyyələri də var.

Maliyyənin dondurulması səbəbindən FTB əməkdaşları cinayətlərin araşdırılmasını və terrorizmə qarşı mübarizəni dayandırmalı olublar. Bir sözlə, ABŞ-ın milli təhlükəsizliyi təhdid altındadır.

FTB Xəfiyyələri Assosiasiyasının yaydığı hesabatda bildirilir ki, davam edən "şatdaun" - federal hökumətin işini dayandırması büronun fəaliyyətinə əngəllər yaradır. Assosiasiya hazırda fəaliyyət göstərən və istefada olan 14 min xəfiyyənin maraqlarını təmsil edir. Xəfiyyələrin bir qismi anonim şəkildə bildiriblər ki, məlum böhran onları ABŞ vətəndaşlarını lazımi səviyyədə qorumağa imkan vermir.

"Böhranın davam etməsi dünyanın hər yerindəki əks-kəşfiyyat və antiterror əməliyyatlarımıza hər gün bir az daha artıq mənfi təsir göstərir", - deyə Assosiasiyanın prezidenti Tom O.Konnor bildiib Əlavə edib ki, ABŞ-ın milli təhlükəsizliyi Federal Təhqiqatlar Bürosunun maliyyələşməsi ilə birbaşa bağlıdır.

Onun sözlərinə görə, FTB informatorlara və tərcüməçilərə pul ödəyə, şahidləri sorğu-suala çəkə, məxfi bilgilərə giriş sisteminin işlək olmasını təmin edə bilmir: "Büronun əməliyyatları maliyyə tələb edir. Artıq əməliyyatlara görə narahat olmağa başlayırıq".

"Şatdaun"a görə Federal Təhqiqatlar Bürosunun bir çox analitikləri məcburi məzuniyyətə gediblər. Xəfiyyələr isə cinayətkarlar barədə məlumatların toplanılmasını və onların motivlərinin qiymətləndirilməsini müstəqil şəkildə həyata keçirməli olurlar.

Bütün bunlar isə təkcə cinayətlərin araşdırılmasını ləngitmir, həm də sübut bazasının yığılmasına mənfi təsir göstərir. ABŞ-da prokurorluq institutu məhz bu sübut bazasından asılıdır.

Məsələn, bir xəfiyyə hansısa işin araşdırılmasına üç ildən artıq vaxt sərf edib. Həmin iş üzrə qətl, banditizm və çirkli pulların yuyulması maddələri üzrə 23 ittiham irəli sürülüb. Lakin indi FTB əməkdaşı işi dayandırmaq məcburiyyətində qalıb. Səbəb isə odur ki, onun bölməsində ispan dilində danışan bir nəfər belə, qalmayıb. Və o, latınamerikalı dəstələrdəki informatorlarla əlaqə quran tərcüməçinin pulunu ödəyə bilmir.

Böhran narkotik ticarəti və qanunsuz silah satışı ilə məşğul olan radikal qrup və dəstələrdə olan informatorlara da ödəniş etmək imkanlarını məhdudlaşdırır. Maliyyə motivasiyası mənbələr üçün böyük əhəmiyyət kəsb edir və ödənişin gecikməsi onları qorxuya sala bilər.

"Washington Examiner"ə danışan bir xəfiyyə bildirib ki, uşaqların oğurlanması və ticarəti üzrə işi dayandırmalı olub. FTB-nin antiterror bölməsinin bir əməkdaşına isə Afrikaya olan ezamiyyətinin xərclərini öz hesabına ödəmək təklif olunub.