İran azərbaycanlıları: "Türkcə olan qədim adlar farslaşdırılır"


Dünya 26 Yan 2019 19:16:00 337 0

İran azərbaycanlıları: "Türkcə olan qədim adlar farslaşdırılır"

"Savalan dağını dəyişdirib ediblər Səbəlan. Qədim Qoşaçay şəhəri var, iki çay arasında yerləşir. Onun da adını dəyişdirib qoyublar Miyandoab", farsca "iki çayın arasında" anlamını verir", İranda yaşayan etnik azərbaycanlılar BBC News Azərbaycancaya deyirlər ki, ötən əsrin 20-ci illərindən bəri onların yüz illərdir yaşadıqları kəndlərin, şəhərlərin, kəndlərin adları dəyişdirilib farslaşdırılır.

"Ən çox göz dağına çevrilən" isə Araz çayının adının Ərəs kimi dəyişdirilməsidir. "İxtiyarımız yoxdur başqa formada yazaq. Məcburuq bu qaydada yazmağa", deyə müsahiblərimiz vurğulayırlar ki, rəsmi sənədlər, ərizələr yeni adları tələb edir, yoxsa, "ərizənə baxmazlar".

İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Əli Musəvi isə BBC News Azərbaycancaya açıqlamasında bildirir ki, məhəllə, şəhər, xiyaban adları fars adlarına dəyişdirilə bilər, amma "kütləvi deyil".

Savalan niyə Səbəlan oldu?

"Savalan dağını dəyişdirib ediblər Səbəlan. Qədim Qoşaçay şəhəri var, iki çay arasında yerləşir. Onun da adını dəyişdirib qoyublar Miandoab. Farsca "iki çayın arasında" anlamını verir. Hələ üstəlik həmin çayların - Cığatı və Tatai çaylarının adlarını da farslaşdırıblar: Şiminərud və Zərrinrud", deyə İranda yaşayan İbrahim Hüseyni (ad dəyişdirilib) BBC News Azərbaycancaya ölkədəki qədim türk toponimlərinin "kütləvi halda" dəyişdirilməsindən şikayətlənir.

Onun sözlərinə görə, bu cür örnəklər "yüzlərlə yox, hətta minlərlədir". Müsahibimiz deyir ki, milli fəallardan biri yerli dərgidə (jurnalda-red.) təkcə onun yaşadığı bölgədə 100-200 arası toponimin dəyişdiyini yazır. Dəyişdirilənsə təkcə şəhər, dağ, kənd adları deyil, məhəllə, bulaq, meydan, bazar, hətta bazarların giriş qapılarının adlarıdır, İbrahim Hüseyni vurğulayır.

BBC News Azərbaycancaya danışan İran azərbaycanlılarının iddialarına görə, "farslaşdırma siyasəti" ötən əsrin 20-ci illərindən, pəhləvilərin hakimiyyətə gəlişindən sonra vüsət alıb. Düzdür, onlar hesab edirlər ki, türk toponimlərinin dəyişdirilməsinə Pəhləvilərdən öncə də az rast gəlinməyib.

Təbrizdə Axmaqayə adlı məhəllə var, onu Əhməqiyə ediblər", bəzi etnik azərbaycanlılar deyirlər

"Pəhləvi şahı Rza xanın vaxtında, 1925-ci ildən, belə bir siyasət qüvvəyə mindi: "Bir millət, bir din, bir bayraq". Fars dilindən başqa dildə danışmaq, oxumaq, yazmaq qadağan edildi. Yas mərasimlərində belə, türkcə danışanda dövlət qurumları müdaxilə edirdi. Elə o zamanlar da əski türk yerlərinin

O, dəyişiklərin üç metod əsasında aparıldığını əlavə edir. Deyir, birinci yol budur ki, türkcə adlar farscaya uyğunlaşdırılır.

"Məsələn, Savalan dağı olub Səbəlan. Təbrizdə Axmaqayə adlı məhəllə var, onu Əhməqiyə ediblər. Tərcümədə "dəli olan yer" deməkdir və ya Camışavar məhəlləsi Cəmşidabad, Gümüşqayə Dəməşqiyə olub".

İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Əli Musəvi BBC news Azərbaycancaya deyir ki, yer, meydan, və başqa məkanların adlarının dəyişdirilməsi halları ola bilər, amma bu, kütləvi deyil.

"Bir-iki qəsəbə, kənd adı dəyişib, bu barədə eşitmişəm, amma bu barədə dəqiq məlumat yoxdur. Ola bilər ki, hansısa küçə və ya xiyabanın adı dəyişdirilib, ora şəhid olan kiminsə adı verilib. Dəyişikliyə belə hallar səbəb ola bilər və ya hansısa şair vəfat edəndən sonra yerin adı dəyişdirilərək onun adına verilə bilər", səfirliyin əməkdaşı əlavə edir.

Ancaq İbrahim Hüseyni deyir ki, kəndlərin adları da dəyişikliyə uğrayıb, İstilli (bu söz ölçü vahididir) kəndi indi rəsmi sənədlərdə İstəllu, Sırxaylı Sırxəviz, Nəştöylü Nəştiban kimi yazılır.

"Məsələn, avar kəndləri var, Şaltavar, onu Sultanabad, Sərəvur kəndini Səhrivər, Hümləvar kəndini Həmləabad ediblər. Həmləabad farscada "hamballar olan yer" mənasındadır. Azərbaycanlıların yaşadığı şəhərlər var, Məlikkənd, onu Məlikan kimi dəyişdiriblər, Tikantəpə olub Tikap, Sayınqala Şahindiş, Sarıdaş Sərdəşt kimi dəyişdirilib. Yəni farsca tələffüzə uyğunlaşdırılıb".

İranda Azərbaycan şəhərlərindən biri Urmiya.

BBC News Azərbaycancaya danışan azərbaycanlıların sözlərinə görə, onlardan ötrü "ən çox göz dağına çevrilən" isə Araz çayının adının Ərəs kimi dəyişdirilməsidir. "İxtiyarımız yoxdur başqa formada yazaq. Məcburuq bu qaydada yazmağa" söyləyirlər.

"Türk dili İranda dövlət dili deyil. Dövlətə namə (məktub-red.) göndərsən və orada Tikap əvəzinə Tikantəpə yazsan məqsədinə çatmazsan, çünki rəsmi sənədlərdə Tikantəpə deyilən yer yoxdur", - İbrahim Hüseyni izah edir.

İran azərbaycanlılarının sözlərinə görə, bəzi toponimlər türkcədən farscaya tərcümə olunmaqla dəyişdirilib.

O, bəzi qədim türkcə toponimlərinin farscaya tərcümə edildiyini və bu zaman mənaya fikir verilmədiyini qeyd edir: "Məsələn, Qaraçəmən deyilən bir kənd var. Qara türkcədə təkcə siyah anlamında işləmir, axı, o həm də "böyük", bəzən də yön mənasında işlənir, bizdə Ağbulaq və ya Qarabulaq kimi çox sayda kəndlər var, Qarabulaq daha çox quzeyi (şimalı -red.) nişan verir.

Amma Qaraçəməni Siyahçəmən ediblər. Siyah da çəmən olar? Çəmən yaşıl olar... Bir sözlə harda qara sözü varsa götürüb siyah sözü ilə əvəzləyiblər. Qaragöl Siyahistəx, Qaratəpə Siyahkuh olub".

Və ya "uca yer gözətçiləri" anlamında olan Örəbiki kəndinin adının Əbrbekuh - "buluda meyl edən dağ" kimi tərcümə edildiyi bildirilir.

"Ləncava kəndi olub Lencabad. Yəni dağ başında gəmi. Axı, dağ başında gəminin nə işi var? Onlar suyu düz əməlli görməyiblər", müsahibimiz əlavə edir.

"Təbriz yaxınlığında məşhur bir kənd var, qayaları oyub ev düzəldiblər. Dünyanın hər yerindən oranı görməyə gəlirlər. Türkcə adı Gündoğdu olub, indi Kəndovandır", etnik azərbaycanlılar deyirlər.