Baş nazirin müavini: "Müxalifətçilər öz niyyətlərinə çata bilməyəndə mənəvi terror alətindən istifadə etməyə çalışırlar"


Siyasət 26 Yan 2019 16:06:00 276 0

Baş nazirin müavini: "Müxalifətçilər öz niyyətlərinə çata bilməyəndə mənəvi terror alətindən istifadə etməyə çalışırlar"

Müxalifətçilər öz niyyətlərinə çata bilməyəndə mənəvi terror alətindən istifadə etməyə çalışırlar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov qeyd edib: "Biz hakimiyyət və iqtidar partiyası olaraq hər hansı siyasi partiyanın, təşkilatın mitinqlər keçirməsinə və ya öz fikirlərini ifadə etməsinə etiraz etmirik. Bu, Azərbaycanda formalaşmış demokratiyanın ümumi qayəsinə uyğundur. Onlar mitinq keçirmək üçün müraciət edəndə icazə də verilir, mitinqlərini də keçirirlər. Ətraflarına topladıqları insanların sayı, ümumiyyətlə, sosial dayaqları da məlumdur. Amma bizi narahat edən onların müxalifətçilik adı altında tamamilə başqa fikir və ideyalara xidmət etməsidir, Azərbaycanın dövlətçiliyinə qarşı müxalifətdə olmasıdır".

Baş nazirin müavini əlavə edib ki, müxalifətçilik yeni, fərqli ideyanın, fərqli bir təfəkkürün ortaya qoyulmasından başqa bir şey deyil: "İnsanlar ortaya qoyulan bu ideyaya münasibətlərini bildirəcəklər və seçkilər zamanı ayrı-ayrı ideyalara və ya o ideyaları həyata keçirən insanlara səs verəcəklər. Azərbaycanda prezident seçkiləri 2018-ci ilin aprel ayında keçirilib. Azərbaycan xalqının, seçicilərin mütləq əksəriyyətinin dəstəyi ilə İlham Əliyev yenidən böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildi. Hesab edirəm ki, əgər müxalifət var idisə və onların fərqli ideyaları var idisə, həmin vaxt irəli sürməli idilər, seçkilərdə öz fikirlərini ortaya qoymalı idilər. Seçkilər qurtarandan sonra, üstündən bir il keçməmiş onların hansısa tələblərlə peyda çıxması əslində nə demokratiya normalarına uyğun gəlir, nə də müxalifətçilik anlayışı ilə bir araya sığır. Bəs əsl məqsəd nədir? Əsl məqsəd Azərbaycanda sabitliyi, əmin-amanlığı, dincliyi pozmaq, normal inkişafın qarşısını almağa cəhd göstərməkdir".

O vurğulayıb ki, Azərbaycan sürətlə inkişaf edir, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, siması dəyişir, infrastrukturu yenilənir: "Bakı da başda olmaqla Azərbaycanın bütün bölgələri son illər ərzində ciddi şəkildə dəyişib. Azərbaycan sözün həqiqi mənasında gənc dövlətlər arasında ən uğurlu dövlətlərdən biridir. Bütün beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi həm yüksəkdir, həm də bu yüksəlmə prosesi ildən-ilə yenilənir və Azərbaycanın nüfuzu ildən-ilə artır. Belə olan halda Azərbaycandakı inkişafın qarşısını almağa cəhd göstərməyin mənası nədir? Hesab edirəm ki, bu, Azərbaycan xalqına və dövlətçiliyinə qarşı çıxmaqdan başqa bir şey deyil. Çox təəssüf hissi ilə qeyd edirəm ki, müxalifətçilər öz niyyətlərinə çata bilməyəndə mənəvi terror alətindən istifadə etməyə çalışırlar. İndi onlar sosial şəbəkələrdən də bu məqsədlə istifadə edirlər. Etsinlər. Biz sosial şəbəkələrdən kimlərinsə istifadə etməsindən narahat deyilik, xoflanmırıq. Amma çox təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, onlar sosial şəbəkəni bir mənəvi terror alətinə, bir mənəviyyatsızlıq alətinə çevirməyə çalışır və bu cür istifadə edirlər. Bizim narazılığımız bununla əlaqədardır. Bizim etirazımız bu cəhdlərə qarşıdır".

Ə.Əhmədov bildirib ki, Azərbaycanda bütün siyasi qüvvələr siyasi etika, siyasi davranış normaları ilə fəaliyyət göstərməlidirlər: "Kimisə hədəfə almaq, kimisə təhqir etmək və ya mənəvi terrora məruz qoymaq yolverilməzdir və biz qəti şəkildə buna etirazımızı bildiririk. Eyni zamanda, siyasətlə məşğul olan bütün qüvvələri çağırırıq ki, onlar siyasi məkanı bu cür ləkələyənlərə qarşı çıxsınlar".