Birinci vitseprezident Mehriban Əliyevanın daxili siyasətdəki fəaliyyəti də humanizm prinsiplərinə əsaslanır


Siyasət 26 Yan 2019 11:56:25 233 0

Birinci vitseprezident Mehriban Əliyevanın daxili siyasətdəki fəaliyyəti də humanizm prinsiplərinə əsaslanır

Son struktur islahatları dövlət idarəetməsində çevikliyi, idarəetmənin səmərəliliyini artırmaqla yanaşı, dövlətin öz vətəndaşlarına diqqət və qayğısını da ön planda, diqqət mərkəzində saxladığını göstərdi.

Son.az bildirir ki, bunu Trend-ə politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, Avropada, dünyanın başqa yerlərində müəssisələrin əməkdaşlarının ixtisarı zamanı bəzən minlərlə insanın işsiz qaldığının, tətillər keçirdiyinin şahidi oluruq:

"Ötən ilin sonunda işğalçı Ermənistanda bir neçə müəssisənin ləğvi nəticəsində əməkdaşlar ixtisar edildi, minlərlə erməni yeni ili işsiz statusunda qarşıladı. Lakin Azərbaycanda belə hal baş vermədi, əksinə, insanlar dövlət qurumlarında fəaliyyətlərini davam etdirmək imkanı qazandılar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın son addımı da bunu bir daha sübut etdi. Bu gün struktur islahatları nəticəsində fəaliyyəti dayandırılmış qurumların əməkdaşlarının işlə təmin olunması ilə bağlı müvafiq tədbirlər görülür və gələcəkdə də görüləcək".

N.Məmmədova vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində fəaliyyəti ən həssas, ağır sahələri əhatə edir.

Ekspert əlavə edib ki, Mehriban Əliyevanın daxili siyasətdəki fəaliyyəti də humanizm və insanpərvərlik prinsiplərinə əsaslanır. Çoxsaylı amnistiya təşəbbüsləri, qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı, maddi və qeyri-maddi mədəni irsimizin dünya miqyasında təbliği və nüfuzlu təşkilatların irsi siyahısına daxil edilməsi, mədəniyyətin və təhsilin inkişafının dövlətin və Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara və gənclərə qayğı bilavasitə Mehriban xanımın fəaliyyətinin nəticəsidir:

"Birinci vitse-prezident ona ünvanlanmış bütün müraciətlərə dərhal münasibət bildirir. Köməyə ehtiyacı olan vətəndaşların hüquqlarının bərpasında onlara kömək etməklə bürokratik əngəl mexanizmlərini bir andaca dəf edir və insanların dövlətə, dövlət başçısına ona inamının daha da artmasına bilavasitə yardımçı olur. "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də tutduğu vəzifəsindən azad olunmuş əməkdaşların hüquqlarının bərpası da Birinci vitse-prezident Mehriban Əliyevanın növbəti humanist addımlarından daha biridir".