İranda doğulub Naxçıvanda dəfn edilən azərbaycanlı mütəfəkkir


Digərləri 25 Yan 2019 23:02:00 247 0

İranda doğulub Naxçıvanda dəfn edilən azərbaycanlı mütəfəkkir

Prezident İlham Əliyevin 2019-cu ili "Nəsimi ili" elan etməsi bu böyük Azərbaycan şairinin siyasi baxışları, yaşadığı dövr, əhatəsində olan şəxsiyyətlər barədə mövzunu aktuallaşdırıb. Nəsimi XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycanda, Anadoluda və İranda geniş yayılmış hürufilik təriqətinin görkəmli nümayəndələrindən biri idi. Bu təlimin əsası Fəzlullah Nəimi tərəfindən qoyulmuşdu. Lakin tədqiqatçıların fikrincə, Nəsimi olmasaydı, hürufilik bu qədər geniş coğrafiyada yayıla bilməzdi.

Söhbətimiz Nəsiminin müasiri və müəllimi, hürufilik təriqətinin yaradıcısı, sufi alim və şair Şеyx Əbdürrəhman ibn Məhəmməd Fəzlullah Nəimi Əl-Hürufi haqqındadır. O, 1339-cu ildə İranın Astarabad şəhərində doğulmuşdu. Papaq tikib satmaqla dolansa da, hələ gənc yaşlarından elmə böyük maraq göstərirdi. Kəbəni ziyarət etdikdən sonra Xorasana qayıdan Nəimi burada təhsil alaraq "şeyx" rütbəsinə yüksəlmişdi. İranlı tədqiqatçı Bəhram Əsədi yazır ki, hürufilik insanları mənəvi saflığa çağırdığına və dünya malından imtina etməyə, hökmdarları qan tökməməyə səslədiyinə görə hakim dairələrin qəzəbinə tuş gəlmişdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, orta əsr müəllifləri birmənalı şəkildə qeyd edirlər ki, "əcəm" Nəimi öz təlimini ilk dəfə 1386-cı ildə Təbrizdə açıqlayıb (həmin dövrdə Orta Asiya və Yaxın Şərqdə Azərbaycan türklərinə "əcəm" deyirdilər). Fəzlullah Nəiminin hürufilik təlimi insanları tərkidünyalığa, haqqa, ədalətə səsləyirdi. Onun tərəfdarlarının getdikcə artması hakim və dini dairələrin maraqlarına zidd idi. Buna görə də Nəimiyə təzyiq göstərib Təbrizdən getməsinə nail oldular.

İsfahana köçən Nəimi burada təlimini daha geniş dairədə yaymaq imkanı əldə etdi. O, bir neçə müridi (şagirdi) ilə şəhər ətrafındakı Gilu dağındakı mağaralardan birində yaşayır, hürufiliyin insanlara xeyir gətirəcəyi barədə traktatlar yazaraq müridləri vasitəsilə əhali arasında yayırdı. Onun "Cavidannamə", "Məhəbbətnama", "Ərsnamə", "Vəsiyyətnamə" əsərlərində belə bir fikir təlqin olunurdu ki, kamil insan Allahın bir parçasıdır. Allah hər bir zərrəcikdə mövcuddur. Tədqiqatçılar "Cavidannamə" əsərini Quranın təfsiri hesab edirlər. Həmin dövrdə Nəimini Allahsız hesab etsələr də, o, Allahı əsla inkar etmir və şəriət qanunlarını dövrün tələbinə uyğun olaraq izah etməyə çalışırdı.

İsfahanda təlimini kifayət qədər yaymağa nail olan Nəimi Bakıya gəlir və burada da geniş təbliğat işlərinə başlayır. O vaxt Azərbaycan monqol işğalı ilə üzləşmişdi. Qızıl Orda xanı Toxtamış 1385-ci ildə 100 minlik qoşunla yürüş edərək Dərbəndi, Şirvanı ələ keçirdikdən sonra Təbrizi mühasirəyə alır. Şəhər əhalisinə təslim olduqları halda onlara toxunmayacağı vədini verən Toxtamış sözündən qaçır və Təbrizi yerlə-yeksan edərək əhaliyə divan tutur. Sonra Mağara, Mərənd və Naxçıvanı da qarət edən Toxtamış 200 min nəfəri əsir götürərək Qızıl Ordaya qayıdır.

Bu hadisədən sonra əhalidə monqollara böyük nifrət yaranır. Hürufilər də xalqı istilaçılara qarşı çıxmağa sövq edirlər. Daha sonra Şərqin ən böyük fatehlərindən olan Əmir Teymurun Azərbaycana yürüşü başlayır. Yenə də Təbriz, Naxçıvan ələ keçirilir. Təbrizdə törədilən qətllərdən ehtiyatlanan Şirvanşah İbrahim 9 qızıl çadır, 9 qızıl qılınc və 9 mücrü qızılı və 8 qulu 9 dəvəyə yükləyərək Əmir Teymuru qarşılamağa gedir. Teymur hədiyyələrə göz gəzdirərək hər şeyin 9 ədəd, yalnız qulların 8 nəfər olduğunu görür və İbrahimdən bunun səbəbini soruşur. Şirvanşah İbrahim belə cavab verir: "Doqquzuncu qul mən özüməm". Bu yolla Şirvanı qarətdən qurtaran İbrahim nominal müstəqillik əldə edir.

Lakin bir tərəfdən Naxçıvanın Əlincə qalasını ala bilməməsi, digər tərəfdən isə Nəsiminin sayəsində işğala qarşı çıxan hürufilərin fəaliyyəti Teymuru rahat buraxmır. Mənbələrdə Nəsimi ilə Əmir Teymurun görüşü haqqında da məlumat verilir. Teymur Nəsimiyə rəğbət bəsləməsə də, onu edam etdirmir. Sərkərdələrindən isə tələb edir ki, Əlincəni tez bir zamanda ələ keçirsinlər. Lakin onu inandırırlar ki, illər boyu Teymurun qoşununun qarşısında hamı aciz olsa da, Nəimi Azərbaycana gəldikdən sonra əhalinin müqaviməti artıb. Əlincə qalasının müqavimət göstərməsinə səbəb məhz hürufilər və onların başçısı Nəimidir.


Xəbərə aid fotolar